Ekspertdən SOS: “İsti havada hündürlükdə işləmək təhlükəlidir”

“Hündürlükdə günün altında işləyən işçini gün vura bilər, baş gicəllənməsi ola bilər, susuzluq yaranar və halsızlıq olar”

“Bu zaman işçinin əlindəki mal-material aşağı düşər, yaxud da özü yıxılıb həyatını itirə bilər”



Gəncədə 27 yaşlı gənc faciəli şəkildə ölüb. Tağızadə Allahverdi Xasay oğlu şəhər ərazisində tikinti şirkətlərindən birinə məxsus yüksək mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb.

İşçilərin əmək təhlükəsizliyinin təmin edilməsi əsas məsələlərdən biri olsa da, bu məqam iş yerində baş verən bədbəxt olaylardan sonra gündəmə gəlir. Bəzi tikinti şirkətləri işçilərin təhlükəsizliyi üçün vacib olan nüanslara fikir vermirlər. Nəticədə isə bədbəxt sonluqla nəticələr hadisələr baş verir.



Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a bildirib ki, tikinti sahələrində baş verən qəzaları, bədbəxt hadisələri gördükdə mövcud nöqsanların hələ də aradan qaldırılmadığını görürük.
Onun sözlərinə görə, tikinti sahəsinin təhlükə potensialı ən yüksək olan yerlərdən biri olduğuna baxmayaq təhlükəsizlik tədbirlərinin zəif təşkil edildiyi yerlər var:

“Ümumiyyətlə istehsalatda baş verən qəzalara, bədbəxt hadisələrə baxanda görmək olur ki, ən çox hadisələr məhz tikinti sektorunun payına düşür. Çünki burada olan bütün material, avadanlıq və texnikalar, nəqliyyat vasitələri və digər qurğular risklidirlər. Onların işlədilməsində və işçilərin bu avadanlıq və texnika ilə işləməsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ciddi riayət etməsi gərəkdir”. 

E.Nurəliyev vurğulayıb ki, yanğın təhlükəsizliyi qaydalarına, hündürlükdə işlər zamanı təhlükəsizlik qaydalarına mütləq qaydada ciddi əməl edilməlidir:

“Hər gün işçilərə ilkin təlimat verildikdən sonra işə başlanmalıdır. Yeni avadanlıq və yaxud texnika gələrsə, təlimat keçdikdən sonra işləməyə icazə verilməlidir. Tikinti sahəsi qoruyucu vasitələrdən, əlcək, kaska, eynək, qoruyucu kəmər, iş ayaqqabısı və digər zəruri avadanlıqlarla təchiz edilməlidir. Tikinti sahəsi üçün ən təhlükəli işlərin yerinə yetirilməsində biri də hündürlükdə işlərin görülməsidir.

Burada işləyən işçilərin sağlamlıqlarının tam qaydasında olmasına, qan təzyiqinin, ürəyinin və hündürlük qorxusunun olmamasına əmin olduqdan sonra ona hündürlükdə işləməyə icazə verilməlidir. Hündürlükdə işləyən işçilər bütün təhlükəsizlik avadanlıqları ilə təchiz edilməli və təhlükəsizlik qaydalarını pozmamalıdır. Tikintini aparan qurumun rəhbər şəxsləri tərəfindən də ciddi nəzarət edilməlidir.

Qeyd edim ki, hündürlükdə işlər görülən zaman təhlükəsizlik tədbirləri elə görülməlidir ki, insan həyatına təhlükə riski ən az səviyyədə olsun. Qoruyucu kəmər belə bir ədəd olmur, iki ədəd olur və hərəsi müxtəlif bərkitmə yerlərinə bağlanır. Bu da onun üçündür ki, biri qırılarsa o biri saxlasın. İş görülən hündürlüyün mərtəbə arasında qoruyucu sipərlər çəkilir, qoruyucu torlar qurulur”. 

Ekspert bildirib ki, hündürlükdə görülən işlər zamanı nəzərə alınan amillərdən biri də havaların isti keçməsi zamanı işlərin dayandırılmasıdır:

“İsti havada hündürlükdə işləmək özü belə təhlükəlidir. Hündürlükdə günün altında işləyən işçini gün vura bilər, baş gicəllənməsi ola bilər, susuzluq yaranar və halsızlıq olar. Bu zaman işçinin əlindəki mal-material aşağı düşər, özü yıxıla bilər. Bunlar hamısı kompleks görülən təhlükəsizlik tədbirləri planıdır ki, tikinti sahəsində bədbəxt hadisələrin sayı azalsın, insanlar həyat və sağlamlıqlarını itirməsinlər”.