“ABŞ və Qərbi Avropada mitinqlər əleyhinə sərt üsullardan istifadə olunur” 

Son illərdə tez-tez Kütləvi İnformasiya Vasitələrində (KİV) ABŞ-da baş verən polis zorakılığı, insanların hüquq və azadlıqlarının kobud şəkildə pozulması məlumatları çox yer alır. İyulun 28-də ABŞ-ın Nyu-York şəhərində nümayişdə iştirak edən insanlar şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə otuzduruldu.

Onların qeyri-müəyyən istiqamətə aparılması dünyada, həm də demokratiyanın beşiyi sayılan ABŞ-da baş vermiş ilk belə hadisə deyil. Polis zorakılığı ilə bağlı əvvəllər də anoloji faktlar olub.

Belə hallar təkcə ABŞ-da baş vermir. İnsan haqları, demokratiya, qanunun aliliyində nümunə kimi təqdim edilən Avropanın mərkəzində də xoşagəlməz nümunələr var. 

Mövcud durumla bağlı “Sherg.az”a danışan millət vəkili Anar Məmmədov bildirib ki, bu gün həm ABŞ-da, həm də Qərbi Avropada nümayişlər və mitinqlər əleyhinə sərt üsullardan istifadə olunur. Deputat vurğulayıb ki, ABŞ və Avropada geniş vüsət alan mitinqlərdə hökumət qüvvələri aksiya iştirakçılarına qarşı amansız metodlardan istifadə edir. Polisin etirazçılara, eləcə də sıravi vətəndaşlara qarşı rəftarına göz yumulması "demokratiya ixracatçısı" olan bu ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulduğuna təməlli nümunədir:

“Qərbdə demokratiyanın milli, irqi və dini mənafelərə uyğun təhrif edilmiş formasının inkişafı aşkar olaraq görünməkdədir. Baş verən son hadisələrdə də polisin öz səlahiyyət həddini aşması açıq-aşkar görünür. Bəlkə də elə burada qaydaların əməl edilməsinə düzgün nəzarət yoxdur”. 

Parlament üzvünün qənaətincə, ABŞ hər zaman başqalarına münasibətdə belə fikirləri səsləndirir ki, guya müxtəlif ölkələrdə insanların hüquq və azadlıqları pozulur:

“Təbii ki, bu, başa düşüləndir. Çünki Amerika böyük dövlət olmaqla yanaşı bir çoxlarının zəif nöqtələrinə diqqəti yönəltməyə də çalışır. Reallıq odur ki, onların təsir və təzyiq riçaqları da böyükdür.

Eyni zamanda bu o zaman uğurla nəticələnə bilərdi ki, özündə baş verən zorakılıq hallarının da qarşısı dərhal alınsın. Çünki biz orada şahidi oluruq ki, insanlara qarşı zorakılıq sərgiləyən polislər məhkəmə tərəfindən bəraət də alırlar. Bu da bir qədər düşündürücü məsələlərdir.

ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsi, Nyu-York şəhərində nümayişdə iştirak edən insanların polis qüvvələri tərəfindən maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olsa da nədənsə hər dəfə özünü müxalifət adlandıran bəzi antimilli qüvvələr tərəfindən sanki görməzdən gəlindi.

Bundan öncə dəfələrlə Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilir.

Onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər.

Baş verən hadisəyə qarşı səssiz qalmaq isə bir daha bu məxluqların hansı "demo" kratiyaya sahib olmasından xəbər verir”.