“Gürcüstanı mövqeyini dəyişməyə məcbur etməliyik” – AKTUAL 

“Bunun üçün ilk növbədə Borçalı faktoronu əsas götürərərək həmin dövlətə təzyiq göstərmək lazımdır”

“Gürcüstanda parlament seçkiləri yaxınlaşır. Həmin vaxt Azərbaycana yaxın qüvvələr, o cümlədən Saakaşvili tərəfdarları bizə dəstək ifadə etməlidirlər”



Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili İctimai televiziyaya müsahibə verib. Tovuz hadisələri ilə bağlı danışan Saakaşvili bizi dəstəklədiyini və Azərbaycanın dəfələrlə ən çətin vaxtlarda Gürcüstanı dəstəklədiyini deyib:

“Azərbaycan bizə çox yardım edib. İlk növbədə 2005-ci ili yada salmaq istərdim. O zaman bizdə böyük enerji böhranı var idi.

Gürcüstana daxil olan qaz boruları və elektrik xətləri kəsilmişdi. Azərbaycan bizi – milyonlarla gürcüstanlını soyuqdan qurtardı. Hətta deyərdim, aclıqdan, ölümdən xilas etdi. Bu, bir neçə həftə davam edirdi.

Nə mən, nə Gürcüstan xalqı bu köməyi heç vaxt unutmarıq. Bundan sonra 2008-ci ildə ölkəmiz təcavüzə məruz qaldıqda Azərbaycan iqtisadi müstəvidə enerji hasilatı yönündə bir sıra tədbirlər gördü ki, bunlar Gürcüstan üçün həyati əhəmiyyət daşıyırdı. Bu əsl dost, əsl qardaş dəstəyi idi. Heç də hər qardaş Azərbaycanın göstərdiyi köməyi göstərməzdi. Belə məsələlər nəsillər, yüzilliklər boyu yaddaşlarda qalır”. 

Gürcüstan hökumətinin indiki mövqeyi isə tamamilə əksdir. Müxtəlif xristian dövlətləri Gürcüstan vasitəsilə Ermənistana silah daşıyırlar. Əlbəttə, bu, Gürcüstanın iradəsinə zidd ola bilməz. Deməli, artıq dövran dəyişib. Necə deyərlər, dost bildiyimiz düşmənə çevrilib. 


 
Politoloq Əhəd Məmmədli bu barədə “Sherg.az”a danışıb. O, bildirib ki, imkanı olsa Gürcüstan indi açıq-aşkar Ermənistanı dəstəkləyər:

“Saakaşvilinin dediklərindən xəbərdaram. Hamısı doğrudur. Düzdür, münasibətlərin dəyişməsində Rusiyanın provokasiyalarının da rolu var. Buna rəğmən, deməliyəm ki, Gürcüstanın belə münasibəti ilk deyil. Əvvəllər də analoji hallar yaşanıb. Gürcüstan neft, qaz təchizatı baxımından bizdən asılı olduğu üçün neytral siyasət yeridir. Əgər bu asılılıq olmasa, vəziyyət başqa cür də dəyişə bilər”. 

Ə.Məmmədli bunun səbəblərini də açıqlayıb:

“Gürcüstanda çox güclü erməni lobbisi var. Etiraf etməliyik ki, Azərbaycan lobbisi belə fəal deyil. Azərbaycanlılar Borçalıda oxuyub, geri qayıdırlar. Ermənilər isə sonradan orada qalır, Gürcüstan vətəndaşlığı alır, cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Təsəvvür edin, onların arasında nə qədər deputat, politoloq yetişir”. 

Politoloqun fikrincə, biz Gürcüstanın indiki münasibətini dəyişməyə məcbur etməliyik: 

“Bunun üçün ilk növbədə Borçalı faktoronu əsas götürərərək həmin dövlətə təzyiq göstərmək lazımdır. Gürcüstanda parlament seçkiləri yaxınlaşır. Həmin vaxt Azərbaycana yaxın qüvvələr, o cümlədən Saakaşvili tərəfdarları bizə dəstək ifadə etməlidirlər”.