Jurnalistin təklifi DƏSTƏKLƏNDİ:“Qurban tikəsi verməyin, borc sildirin!”

“Kimsə qapımı döyüb qurbanlıq ət gətirsə, onu almağa ehtiyat edərəm”

“Bir kasıbın mağaza borcunu ödəyib, onun rahat yaşayışını təmin etmək də savab sayılır”

Sabah ölkəmizdə Qurban bayramıdır. Məlum epidemiya səbəbindən bu il qurbanların kəsilməsi üçün bəzi məhdudiyyətlər qoyulub. Vətəndaşların əksəriyyəti qurban kəsmək yerinə ehtiyacı olanlara başqa cür yardım etməyi düşünür. Təbii ki, səbəb koronavirus təhlükəsidir.
Məhz bu məsələ ətrafında jurnalist Emil Salamoğlu Feysbuk statusunda maraqlı məqama toxunub:

“Azərbaycanlılar Qurban bayramını qeyd edəcək. Kimin necə qeyd etməsi heç şübhəsiz şəxsi seçimidir və müdaxilə etmək, ağıl vermək yaraşmaz.
Amma, ancaq və lakin aylardır, karantin səbəbindən işsiz qalan, marketlərin nisyə dəftərində adı olan insanlar var. Onlar boğulurlar, borc içində batırlar.
Təklif edərdim ki, sabah hər kəs imkanı daxilində məhəlləsindəki marketdə nisyə dəftərindən borc sildirsin, kimin gücü nəyə çatırsa eləsin.
Bunu sosial kampaniyaya və Qurban bayramının bir yardım formasına çevirmək olar. Məncə, karantin dövründə həmin ailələri belə daha çox sevindirmiş olarıq”.

Həmkarımız haqsız sayılmaz. Həqiqətən də məqsəd savab qazanıb kimsəsiz və ehtiyacı olanlara yardım etməkdirsə, bu seçimi etmək olar. İmkanı və gücü olanlar qurban kəsib paylamadan da savab qazana bilərlər.

Jurnalistin təklifini müsbət dəyərləndirən sosioloq-alim Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, bu yaxınlarda o da eyni təkliflə çıxış edib. Onun sözlərinə görə, kənd yerlərində vətəndaşların qurban kəsmək imkanı var:

“Kəndə bacıma zəng vurub dedim ki, pul göndərim mağazaya borcu olanların borcları silinsin. Sonra məlum oldu ki, kənddə Qurban bayramı günü ətə ehtiyacı olan insanlar da var.

Kənddə yoluxmanın qarşısını ala biləcək tədbirlər görmək olarsa, qurban kəsmək və ayrı ayrı evlərə paylamaq olar. Çünki kənd yerində xəstəliyin yayılıması ehtimalı böyük deyil.

Lakin Bakıda vəziyyət çətindir. Hər il Bakıda qurbanlar kəsilirdi, hətta heyvanların dərisi və orqanları ilə bağlı xoşagəlməz mənzərə də yaranırdı. İndi isə qurbanın kəsilib bölünməsi və paylanması Bakıda xəstəliyin yayılma ehtimalını çoxaldır. Məsələn kimsə qapımı döyüb qurbanlıq ət gətirsə, onu almağa ehtiyat edərəm.

Ona görə də Qurban bayramında savab qazanmaq üçün yalnız ət paylamağa ehtiyac yoxdur. Kiminsə mağaza borcunu ödəyib onun rahat yaşayışını təmin etmək də savab sayılır”.