Beynəlxalq təşkilatlar, yoxsa başqa gözündə tük axtaranlar?! – İkili standart...

Nyu-York şəhərində təşkil olunan mitinqə əksəriyyəti mülki geyimdə olan polis dəstələri sərt şəkildə müdaxilə edib. Mitinq iştirakçılarını fiziki zorakılıqlara məruz qoyub. Onları nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparıb. Nyu- York polisi saxlanılan şəxslərin polis kameralarına zərər verdiyi üçün maşına mindirildiyini söyləsə də, bununla bağlı hər hansı bir tutarlı dəlillər təqdim etməyib.


Polisin nümayişçilərə qarşı bu cür aqressiv davranışı və qanunsuz hərəkətləri şübhəsiz ki, ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olub. Bu barədə məlumat ABŞ-ın nüfuzlu “New York Times” qəzetində tənqidi məqalə dərc olunub. Əslində polis zorakılıqları ABŞ-da hər gün baş verdiyindən bizim üçün xüsusi mahiyyət kəsb edən məsələnin digər tərəfi-öz gözündə tiri görməyib, başqalarının gözündə tük axtaran  beynəlxalq təşkilatların başqalarına demokratiya, insan hüquqlarından dərs keçib,  yol göstərməyə çalışmasıdır. 

Millət vəkili Sədaqət Vəliyevanın da "Sherg.az"a dediyi kimi,  insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International”, “Human Rights Watch” kimi təşkilatlar ABŞ-da və Avropada baş verən hadisələrə, törədilmiş cinayətlərə ədalətli qiymət vermirlər: 

"Dünyada insan hüquqları ilə bağlı “ixtisaslaşmış” təşkilatlar ikilistandartlı fəaliyyət göstərirlər. Onlar müxtəlif lobbi təşkilarlarının göstərişi ilə konkret ölkələrə hücumlar edirlər, dövlətlərin imiclərinə qara yaxmağa çalışırlar.  Azərbaycanda hər dəfə özünü müxalifət adlandıran bəzi antimilli qüvvələrin Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilir.Onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycanhakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər. Halbuki ABŞ-ın öz daxilində vəziyyət heç də ürəkaçan deyil. Polis zorakılığının isə həddi-hüdudu olmur, bu pozuntular hətta sıravi dinc vətəndaşların ölümünə qədər gedə bilir.

Elə təxminən bir ay öncə ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ cəmiyyətində artmaqda olan narazılıq fonunda baş verən bu hadisə Amerikada yenidən polis zorakılığı və ədliyyə sistemində rasizm hallarına qarşı kütləvi nümayişlərə rəvac verdi.Əslində bu cür hallar ABŞ-da demək olar hər gün baş verir.

ABŞ rəsmiləri isə öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtarır. Öz ölkələrində demokratiyanı bərqərar edə bilmədikləri, insan hüquqlarını təmin edə bilmədikləri halda, vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilmədikləri halda, başqalarına demokratiya, insan hüquqları, hüquq dövləti haqqında mühazirələr söyləyir, yol göstərirlər”.

Millət vəkili deyib ki,  hər fürsətdə Azərbaycan polisini hədəfə alan Sevinc Osmanqızı, Əli Kərimli, Meydan TV və başqaları niyə susurlar? Azərbaycan polisinə qara yaxanlar niyə ABŞ polisinin vəhşiliklərinə söz deyə bilmirlər? Çünki onların fəaliyyət ideyası demokratiya, insan haqları, ədalət deyil, birbaşa Azərbaycanın imicinə ləkə gətirmək, Azərbaycan polisini qaralamaqdır.