Sosial şəbəkə yalanına, votsap "səsi"nə etibar etmə

"Təkzib heç bir halda ilk yayılan xəbərin önünə keçə bilmir"

"Yalan informasiya almış şəxsləri sonradan doğrulara inandırmaq çox çətindir"

(əvvəli ötən sayımızda)

İnformasiya təhlükəsizliyinin təmin olunmaması cəmiyyət üçün böyük fəsadlar törədə bilər. Hər hansı ölkədə informasiya təhlükəsizliyinin prioritetləri dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarının balanslı nisbəti əsasında müəyyənləşir. İnformasiya təhlükəsizliyinin təmin edilməsi kompleks yanaşma tələb edir. İnformasiya və dezinformasiyanın kimin nəzarətində olması mühüm rol oynayır. Bəzən dezinformasiya təhlükəli silaha çevrilir. Bu mənada Azərbaycanda da informasiya təhlükəsizliyinə xüsusi diqqət yetirilir.

Artıq ölkəmizdə dövlət və qeyri-dövlət sektorlarında informasiya təhlükəsizliyinin təmin olunması üçün hüquqi-normativ aktlar hazırlanır və müəyyən addımlar atılır. Həm kiber hücumların qarşısının alınması ilə bağlı Cinayət Məcəlləsinin maddələri təkmilləşdirilir, həm də dövlət sirlərinin qorunması ilə bağlı qanunlara dəyişikliklər edilir.

Əlbəttə, bütün bu addımların atılması çox vacibdir. Çünki Azərbaycan müharibə şəraitindədir və düşmənlə sadəcə cəbhədə, səngərdə deyil, informasiya məkanında da mübarizə aparılır. Hazırda informasiya təhlükəsizliyinə təhdidlər çox ciddi mərhələyə adlayıb. Dünyanı narahat edən ən böyük problem - beynəlxalq terrorizm məhz informasiya təhlükəsizliyi siyasətindəki boşluqlar səbəbindən həyata keçirilir. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini də ön plana çıxarır.

Məsələnin kökündə internetin sürətli inkişafı, yeni veb texnologiyalar əsasında yaradılmış proqram təminatı sistemlərinin mühafizəsi dayanır. Həssas dönəmlərdə KİV-in üzərinə xüsusilə böyük məsuliyyət düşür. Çünki jurnalistlər güclü təsirə malik təbliğatçılar hesab olunur. Buna görə də media nümayəndələri onlara verilən bu imkandan sui-istifadə etməməli, qanunlar çərçivəsində fəaliyyət göstərməlidir. Ən vacibi hərbi informasiyanı cəmiyyətə ötürərkən informasiya təhlükəsizliyini qorumaq məqsədilə aidiyyəti dövlət qurumundan yararlanmaqdır.

Media nümayəndələri informasiya təhlükəsizliyinin cəmiyyətin mövcudluğunda, onun inkişafında, dövlətçiliyin saxlanılmasında mühüm rol oynadığını nəzərə alaraq milli maraqları qorumalıdır. Əfsuslar olsun ki, bəzən bir sıra saytlar bilərəkdən və ya bilməyərəkdən yad qüvvələrin vasitəsinə çevrilir, təmsil etdikləri dövlətin ərazi bütövlüyünə, suverenliyinə, ictimai rəyə, siyasi proseslərə ciddi ziyan vururlar.

Azərbaycan mətbuatında bu cür hallara rast gəlinib və arzuolunmaz hallar bu gün də müşahidə olunmaqdadır. Məsələn, 2008-ci ilin aprelində Tərtər istiqamətində baş verən hadisələr zamanı, 2014-cü ilin avqustunda bütün cəbhə boyu baş verən gərginliklərdə, 2016-cı ilin aprel döyüşlərində və son olaraq Tovuz təxribatında internet xəbər resursları çoxsaylı yanlışlıqlara yol verdilər. Hətta ermənilərin xeyrinə hesablanmış uydurma informasiyaları yayımlayan media qurumlarına da rast gəldik.

Bəzi saytların müxtəlif qruplaşmaların marağından çıxış etməsi, ayrı-ayrı adamların hadisələrə subyektiv yanaşması, şəxsi təhlillərini ciddi arqument kimi təqdim etməsi, hadisələrin məntiqi ardıcıllığını bilərəkdən təhrif etmə və s. məqamları misal göstərmək olar. Cəmiyyətdə hamı ancaq özünün eşitmək, oxumaq, görmək istədiyi xəbərləri izləməyə daha çox meyillidir. Amma müharibə aparan ölkənin mətbuatı nə qədər azad və sensurasız olsa da, savaş qanunlarına müvafiq olaraq müəyyən olunan media siyasəti ilə ayaqlaşmalıdır. 

Ekspertlərin fikrincə, burada iki istiqamətdə maarifləndirmə işi aparılmalıdır. Birinci istiqamət media savadlılığının, ikinci istiqamət isə informasiya savadlılığının artırılmasıdır. Media savadlılığı cəmiyyətə yönəlik maarifləndirmə prosesidir. Cəmiyyət bilməlidir ki, sosial media və professional media nədir.

Məsələni “Şərq”ə dəyərləndirən “Pia.az” saytının baş redaktoru Azər Qaramanlı deyib ki, Azərbaycan mətbuatının ən acınacaqlı problemlərindən biri məhz reytinq üçün müxtəlif yollara baş vurmaqdır. Sayt rəhbəri imkan daxilində bu cür davranışdan qaçmağa çalışdığını söyləyib:

“Ümumi axın olduğu üçün bundan yayınmaq çox çətin olur. Təəssüf hissi ilə qeyd edirəm ki, bu tendensiyanın ağrısını normal, hətta etibarlı maliyyə mənbələrinə sahib mətbuat orqanları çəkir. Daha çox isə başlıqlarda ifrat şişirtmələrə yol verirlər və bəzən başlıq mətnlə əlaqəli olmur. Bu da oxucu auditoriyasını aldatmaqdan başqa bir şey deyil. Əslində bu tendensiya Azərbaycan mətbuatını diletantlaşdıran faktora çevrilib. Açığı, mətbuatımız bununla ictimaiyyətin etimad və inamını itirir. Belə addımlarla mediamız özünü və oxucu auditoriyasını ucuzlaşdırır, hətta dəyərsizləşdirir. Bəzi televiziya, qəzet və saytlar bayağı “sarı mətbuata” çevrilib. O səbəbdən mediamızın ciddi və peşəkar oxucuları azalmaqdadır. Bu arzuolunmaz vəziyyəti yaradanlar saxta reytinq ardınca qaçan bəzi baş redaktorlar və onlardan yüksək reytinq tələb edən qeyri-peşəkar məmur-sponsorlardır. Biz bunun acı nəticələrini istər aprel döyüşlərində, istərsə də Tovuz hadisələrində gördük. Bu problemə görə, yuxarıdan aşağı hamımız günahkarıq. Məsul şəxslər qeyri-peşəkarlıqlarına, aşağıda olan bir ovuc peşəkarlar isə susduqlarına görə suçludur. Məhz yanlış addımların nəticəsində indi Azərbaycanda bir əlin barmaqlarını keçməyəcək qədər peşəkar mətbu orqan qalıb. Bu isə faciədir”. 

Baş redaktorun sözlərinə görə, konkret Tovuz döyüşlərində istər sosial mediada, istərsə mətbuatda müşahidə olunan proses “aprel döyüşləri” ilə müqayisədə öz çızığından çıxmadı:

“Aprel döyüşləri zamanı ortada daha faciəli durum vardı. Xüsusən, sosial şəbəkələrdə vəziyyət dözülməz idi. Bu dəfə sosial şəbəkə istifadəçiləri hərbi vəziyyətə daha anlayışlı yanaşdılar. Saxta vətənpərvərlik normal düşüncəni üstələyə bilmədi”. 

A.Qaramanlı ölkənin media təhlükəsizliyinə də toxunub: “Bu faktor milli təhlükəsizlik doktrinasının tərkib hissəsi olaraq dəyərləndirilməlidir və ancaq peşəkar yanaşma ilə əldə edilə bilər. Nəzərə alaq ki, mətbuatın əsas işi informasiya ötürmək deyil, eyni zamanda doğru ictimai rəyi formalaşdırmaqdır. Əgər ötürülən informasiya ilə reallıq daban-dabana ziddirsə, ictimai rəy qarşı tərəfə etimadsızlıq nümayiş etdirəcək və bu zaman populizm meydana çıxacaq. Hazırda Azərbaycan ictimai rəyini məhz sosial şəbəkələrdəki populizm manipulyasiya edir. Etiraf etməliyik ki, bu, çox təhlükəlidir. Qarşısını almağın yolu isə mətbuatı cəzalandırmaq deyil. Mətbuatı buzamanadək yönləndirən qeyri-peşəkarlar cəzalandırılmalı və mediamızda peşəkarlıq səviyyəsi yüksəldilməlidir”. 

“YeniÇağ” Media Qrupun rəhbəri Aqil Ələsgər isə “Şərq”ə deyib ki, öncə oxucu auditoriyası hədəf seçilməli, oxucunun İQ səviyyəsi yüksəldilməli və oxuma keyfiyyətinin artırılması ilə bağlı işlər görülməlidir. A.Ələsgərin fikrincə, ən böyük problem ondadır ki, oxucu peşəkar xəbər agentliklərinə, obyektiv saytlara deyil, hansısa sosial şəbəkəyə, votsap səslərinə inanır:

“İnsanlar ciddi və mötəbər xəbər saytlarından daha çox sosial şəbəkədə naməlum profilə və ya votsap səsinə etibar edirlər, xaricdə məskunlaşmış tərbiyəsiz, üzüqara “blogerlər”ə bel bağlayırlar. Mətbuat cəmiyyətin bir parçasıdır. Biz necəyiksə, mediamız da o cür olmağa davam edəcək. Əslində, saytlarda dəqiqləşdirilməmiş informasiyalara az rast gəlinir. Bu məsələdə səlahiyyət sahibi qurumlar daha çox məsuliyyət daşıyır. Onlar xəbərləri vaxtında, operativ şəkildə ictimaiyyətin diqqətinə çatdırsalar, jurnalistlərin sorğularına gecikmədən cavab versələr, mətbuatda dezinformasiyanın qarşısı alınar. Daim medianın günahlandırılması ilə razı deyiləm. Cəbhə ilə bağlı hansısa xəbər sosial şəbəkələrdə yayılır və üstündən saatlar keçəndən sonra nazirlik reaksiya verir. Qurumların mətbuat xidmətləri operativ işləsə, uydurma xəbərlər meydan sulamaz. Etimad edilməyən xəbər geniş yayıla bilməz. Xarici İşlər Nazirliyi Azərbaycanın ən strateji qurumlarından biridir. Halbuki, jurnalistlərimiz uzun müddət münaqişə tərəflərini təmsil edən şəxslərin görüşü haqda ilkin məlumatı düşmən ölkənin mediasından, erməni nazirin tivitindən əldə edib. Anlamaq lazımdır ki, sonrakı təkzib heç bir halda ilk yayılan xəbərin önünə keçə bilmir. Xəbər tirajlanandan sonra istədikləri qədər təkzib etsinlər, mətbuatı suçlasınlar, bunun əhəmiyyəti olmayacaq. O baxımdan ilkin mərhələdə əhalinin maarifləndirilməsi məsələsi dayanırsa, ikinci yerdə müvafiq qurumların operativ işləməsi durur. Mediada gedən dezinformasiyalardan şikayət edən qurumlar işlərini düzgün qurmalı və mətbuatla sıx əməkdaşlıq etməlidir. Problemin həlli yolunu bunda görürəm”.

Jurnalist, reportyor Səxavət Məmməd “Şərq”ə vurğulayıb ki, müasir dövrün müharibəsi təkcə səngərlərdə aparılmır. Onun sözlərinə görə, nəinki müharibə şəraitində yaşayan, dinc vəziyyətdə olan ölkələrin də hibrit savaşı apardığının şahidi oluruq:

“Bəzi ölkələr silahlanmadan daha çox informasiya müharibəsinə pul xərcləyir. İnformasiya savaşının real döyüşlərdən necə şiddətli olduğunu Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərdə açıq-aşkar gördük. Kənardan elə görünür ki, sanki həmin ərazidə yer-yerindən oynayır. Ancaq həmin günlər atəşkəsin pozulma hallarının sayına baxdıqda, əslində məsələ tam aydın olur. Azərbaycan müdafiə nazirliyinin yayımladığı videolardan müasir döyüşün necə aparıldığını görə bilirik. Az mərmi, dəqiq hədəf. Sosial şəbəkəyə baxanda isə döyüşlərin şiddətli keçdiyini görürük, əslində lokal olduğu aşkardır. Bu, onu göstərir ki, informasiya savaşı daha şiddətlidir. Belə bir vəziyyətdə informasiya təhlükəsizliyi son dərəcə önəm kəsb edir. Təsəvvür edin, bir yanlış xəbər hər şeyi alt-üst edə bilər. Məsələ ondadır ki, qarşı tərəf də durmadan işləyir və cəmiyyətimizdə çaşqınlıq yaratmağa çalışır. Qaraqaya məsələsinə toxunmaq istəyirəm. Rus blogerin hazırladığı bir videonun cəmiyyətimizi və mediamızı nə qədər məşğul etdiyini gördük. TV kanallar, saytlar əraziyə getdi, oradan videoreportajlar hazırladı. Niyə? Bir dezinformasiyanın üstünü açmaq üçün. Düşməni aşağılaya bilərik, ancaq kiçik bir videonun Azərbaycanı, cəmiyyət və mediamızı nə qədər məşğul etdiyini də gözardı etməməliyik”. 

S.Məmməd “ancaq rəsmi xəbərlərə istinad edilməlidir” fikri ilə qətiyyən razı olmadığını söyləyib:

“Əgər rəsmi xəbərlər olacaqsa, müharibə jurnalistikası nəyə lazımdır? Ən çox da bu fikri media kapitanlarının deməsi adamda heyrət doğurur. Medianın işi xəbər verməkdir. Doğrudur, müharibə vaxtı senzura tətbiq edilməlidir və bütün dünyada tətbiq olunur. Ermənistan tərəfi Tovuzda döyüşlər getdiyi bir zamanda dərhal həmin istiqamətdə media mərkəzi qurdu. Təkcə xəbər hazırlayırdılar orda? Xeyr! Orda həm də dezinformasiyalar hazırlayrdılar. Rus bloger özbaşına getməmişdi ki. Cəbhədə bir hadisə baş verən kimi nəinki ölkəmizdə yaşayan, xaricdə yaşayanların gözü, qulağı xəbər axtarır. İnsanlar xəbər acı olur. Əgər biz vaxtında və dolğun xəbərlər istehsal edə bilməsək, informasiya acı olan insanlar düşmən saytlarına və sosial şəbəkələrinə üz tutacaqlar. Ac insan yemək görəndə tez-tez yeyib, doyduğu kimi, informasiya acı olanlar da, ilkin xəbərləri oxuduqca doyurlar. Yalan, doğru fərq etmir, necə ki, ac vaxtı yeməyin dadlı olub-olmaması kimi”. 

Jurnalistin fikrincə, erməni KİV-lərini oxuyanların böyük əksəriyyəti xəbərin doğru və yalan olduğunu seçəcək insanlar deyil:

“Yalan informasiya almış şəxsləri sonradan doğrulara inandırmaq çox çətindir. Ən azı vaxt itkisi və əmək sərf edən məsələdir. Necə ki, Qaraqayada bunu gördük. Düşünürəm ki, oxucularla yanaşı mətbuatda da maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə deyəndə kiminsə gəlib “o olar, bu olmaz” deməyini nəzərdə tutmuram. Sadəcə, peşəkar komanda qurulmalı və işləməlidir. Cəmiyyətin maarifləndirilməsi məsələsi çox önəmlidir, ancaq əgər sən cəmiyyəti informasiyasız saxlayacaqsansa, maariflənmə arxa plana keçəcək. İki iş paralel aparılmalıdır”.