Hulusi Akarın Qarabağ mesajı

"NATO üzvü olan Türkiyə çalışır ki, Amerikanın diqqətini bu istiqamətə cəlb etsin"

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Vaşinqtonda fəaliyyət göstərən Türk Miras Təşkilatının onlayn iclasında Dağlıq Qarabağ münaqişəsindən danışıb. Nazir Ermənistanın hərbi hücumlarını qınayıb və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasına çalışdıqlarını dilə gətirib.

Akar əlavə edib ki, ABŞ və beynəlxalq ictimaiyyət Ermənistana hərbi hücumlardan çəkinməsi və münaqişənin həllində yeni forma qəbul etməsi üçün xəbərdarlıq etməli, təzyiq göstərməlidir. 

Türkiyə müdafiə nazirinin açıqlamalarını “Şərq”ə dəyərləndirən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yeganə səmimi dövlət qardaş Türkiyədir. Siyasi şərhçinin sözlərinə görə, digər aparıcı dövlətlər problemin çözülməsində o qədər maraqlı olmadıqlarını dəfələrlə isbatlayıblar:

“Həmsədr ölkələr isə ümumiyyətlə fəaliyyətsizdir. Türkiyə qətiyyətli mövqeyini ortaya qoyur və cəsarətli mesajlar verir. Şübhəsiz, qardaş ölkə Qarabağ münaqişəsinin həllini bizim qədər istəyir. Çünki problemin qalması Türkiyənin, o cümlədən Ankaranın müttəfiqləri olan ABŞ və digər Qərb dövlətlərinin də maraqlarına cavab vermir.

Müdafiə naziri Akar məhz bu məqama diqqət çəkərək Amerikaya və başqa aparıcı güclərə çağırış edir. Türkiyə son dövrlərdə artan regional və qlobal gücündən, nüfuzundan yararlanaraq problemin həllini ciddi şəkildə gündəmə gətirir. Əslində Ankara hökuməti yaxşı bilir ki, münaqişəni donduran və həlli prosesini yubadan əsas güc Kremldir.

Bu qədər yaxınlaşmaya baxmayaraq, Moskva-Ankara arasında yeganə ziddiyyətli məqam, anlaşa bilmədikləri tək problem Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ancaq gec-tez Türkiyənin israrlı mövqeyi ilə Rusiyanın yanaşması dəyişə və münaqişə Azərbaycanın xeyrinə həll edilə bilər”. 

Partiya funksioneri bəyan edib ki, qardaş ölkə ilə keçirilən hərbi təlimlər də Rusiya başda olmaqla, Ermənistanın bütün havadarlarına mesajdır:

“Türkiyə istənilən anda hərbi gücünü işə sala bilər. NATO üzvü olan Türkiyə çalışır ki, müəyyən qədər hərbi alyansdan bu istiqamətdə dəstək alsın. Ən əsası isə Amerikanın diqqətini bu istiqamətə cəlb etsin. Azərbaycanla sərhəddə olan təxribat göstərdi ki, münaqişənin arealı genişlənməkdədir. Görünür, Ermənistanın arxasında duran güclər daha əhatəli siyasi oyun hazırlığında olublar. Bu da qardaş ölkənin strateji maraqlarına ziddir. Türkiyə gələcəkdə bu tipli təxribatların baş verməməsi üçün əlindən gələni etməyə çalışır”.