Koronavirus statistikası bəzi rayonları çox "vurdu"

Binəqədidə həyət evləri çoxdur, ona görə yoluxma sayında liderdir

Səbail rayonunda həyat şəraiti yüksəkdir. Üstəlik dəniz havası, əlavə üstünlükdür. Əhalisi də təhsil görmüş, məhdudiyyətlərə müsbət yanaşan, anlayış göstərəndir


Azərbaycanın bölgələri və paytaxtın inzibati ərazi vahidləri üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Ümumilikdə ölkə üzrə yoluxanların 56.5 faizi Bakının payına düşür. Yoluxmanın 16.5 faizi Abşeron yarımadası, 6.9 faizi Gəncə-Qazax, 8.7 faizi Aran zonası, 4.6 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 0.8 faizi xaricdən gələnlərdir.
Hazırda ölkə üzrə yoluxma hallarının 1.5 faizi Şəki-Zaqatala, 2 faizi Quba-Xaçmaz, 0.9 faizi Yuxarı Qarabağ bölgəsində, 1,6 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Naxçıvanda yoluxma 0 faizdir.

Bakı üzrə ən az yoluxma sayı Pirallahı rayonunda qeydə alınıb - cəmi 0,3 faiz.

Paytaxtın inzibati ərazi vahidləri  üzrə yoluxma sayında maraqlı məqamlar var.  Məsələn, ən çox yoluxma – 14 faiz paytaxtın Binəqədi rayonundadır. Sonrakı yerləri 11,9 faizlə Sabunçu, 11,8 faizlə Yasamal rayonu “bölüşür”. Digər rayonlarda yoluxma halları Xətai - 12,3, Nəsimi - 9,3, Nərimanov və Suraxanı - 8,2, Nizami, Qaradağ, Xəzər rayonlarında, təxminən eyni vəziyyətdir – 7 faiz civarında, ən az yoluxma sayı 4,4 faiz Səbail rayonundadır. 
İyulun 30-na qədər Azərbaycanda ümumi 31 221 nəfər koronavirusa yoluxub. Onlardan 24 495 nəfər sağalıb, 438 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 6 288 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 708 min 632 nəfər üzərində koronavirus testi keçirilib.
Paytaxtda yoluxma sayının yüksək olacağı, onsuz da gözlənilən idi və təəccüblü də deyil. Sadə bir səbəbdən; ən çox, sıx məskunlaşma məhz paytaxtdadır. Ölkə əhalisinin yarıdan çoxu paytaxta sığınıb. Amma paytaxt əraziləri üzrə fərqlilik maraqlıdır. Yoluxma sayına təsir göstərən amillər hansıdır?  

Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla “Şərq”ə açıqlamasında yoluxma sayına ilk növbədə əhali sıxlığının səbəb olduğunu bildirdi: 

- Məlumdur ki, ölkə əhalisinin böyük hissəsi paytaxtda, ümumi şəkildə Abşeron yarımadasında məskunlaşıb. Abşeron yarımadasının da Bakının mərkəzi və mərkəz ətrafı ərazilərini əhatə edən, bir də Bakı kəndlərini, dənizkənarı əraziləri, Sumqayıt və ətraf qəsəbələri əhatə edən hissəsi var. Yerləşmə şərtləri, məskunlaşma sıxlığı ərazilər üzrə fərqlidir. Məsələn, Bakı kəndlərində əhali sıxlığı, Yasamal, yaxud Binəqədi, Sabunçu rayonları qədər deyil, daha azdır. Seyrəkdir. Paytaxtın inzibati ərazi vahidləri arasında ən sıx məskunlaşma Binəqədi rayonundadır. Əksəriyyəti də fərdi evlər, həyət evləridir. Həyət evləri də belədir ki, sakinlər bir-biri ilə daim ünsiyyətdə, təmas halındadır. Biz görürdük ki, binalarda yaşayanlar karantin günlərində, hətta şənbə-bazar evdən çıxmaq yasağı tətbiq edildiyi dövrdə həyətə düşür, qonşular ünsiyyət yaradır, kimisi nərd oynayır, kimisi domino, uşaqları gəzdirir, hava almağa çıxdıqlarını deyirdilər. Bina evlərinin sakinləri həyətə düşdükləri halda, fərdi evlərdə yaşayan, evlərin ara məsafəsi çox qısa olan qonşular əlbəttə ki, bir-birilə daha çox ünsiyyət saxlayır. Belə vəziyyətdə yoluxma sayının artması da labüddür. Harda məskunlaşma sıxdırsa, yoluxma sayı da orada çoxdur. Yoluxma sayını artıran başlıca səbəb məskunlaşmadakı sıxlıqdır. Məsələn, bağ evləri olan ərazilərdə yoluxma intensiv deyil. Səbail rayonunda yoluxma sayı niyə azdır, çünki orada əsasən administrativ korpus yerləşir. Rəsmi orqanlar yerləşən binalardır. Əhali də əsasən dövlət strukturlarında çalışanlardan ibarətdir. Azərbaycanın bölgələrində də vəziyyət fərqlidir. Gəncə böyük şəhərdir, əhali sayı da çoxdur. Bəzi rayonlar var ki, mərkəz hissəsi də kənd kimidir. Evlər arasında məsafə böyükdür. Yevlaxda yoluxma sayı çoxdur, Xaçmazda da. Şəkidə də müəyyən qədər çoxdur. Hesab edirəm ki, bu, istirahətə gedənlərlə daha çox əlaqəlidir. Şənbə-bazar günləri bölgələrə, xüsusən Şəki-Zaqatala, Quba-Qəbələ tərəflərə gedişlər artır. İnsan hara gedirsə, bilməlidir ki, karantin rejimidir və buna müvafiq də qaydalara əməl etməlidir. Amma təəssüf ki, çox vaxt əksini görürük. Bəziləri sanki paytaxtdan virusun “əlindən” qaçır, amma düşünmür ki, getdiyi yerdə də virus yaya bilər. Ümumi götürdükdə, koronavirusun döymədiyi qapı demək olar, qalmayıb. Hamımızın, ailəmizdə olmasa da, yaxınlarımızda, qohumlarda, qonşuda virusa yoluxanlar var. Hələ bu, rəsmi statistikadır, evə müalicə alanlar və qeydiyyata düşməyənlər də olur. 

Sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında nəticələrin təbii xarakter daşıdığını dedi: 

- Belə də olmalıydı. Yoluxma səbəbi insanların gigiyenik normalara necə əməl etməsi, davranışları və əlbəttə, immunitetlə bağlıdır. Kriminal hadisələrin ən çox baş verdiyi rayon Binəqədidir. Binəqədi yaşayış üçün uyğun olmayan ərazidir. Həmçinin Yasamal rayonu. Yasamal rayonunun statistikada Binəqədidən sonra olması, sadəcə, bu inzibati vahidin ərazisinə bəzi mərkəzi hissələrin də daxil olması səbəbindəndir. Məsələn, Nərimanov heykəlinin ətrafı, “Hüseyn Cavid” prospektinin müəyyən hissəsi, “Mətbuat” prospekti... elə ərazilər var ki, orada həyat səviyyəsi yüksəkdir. Bu, fərdi evlərin görünüşündən bəllidir. Belə ərazilər hesabına Yasamaldakı faiz göstəriciləri Binəqədidən aşağıdır. Amma Yeni Yasamaldakı həyət evləri, həmçinin hədsiz sıx inşa edilmiş yeni yaşayış binaları, hələ də məskunlaşmanın olduğu köhnə “Sovetski” məhəllələrini nəzərə alsaq, Yasamalda da yoluxma sayı artıq olmalıdır. Yeni inşa edilmiş binalar bir-birinə o qədər sıx tikilib ki, orada nəfəs almaq olmur. Bu ərazilərin insanlarının davranışları da fərqlidir. Əsasən, qaydalara əməl etməyi görməzdən gələn davranışlardır.  Yəni, Yasamalla bağlı yoluxma statistikası fərqli ərazilər hesabınadır. Bu mənada statistika aldadıcı da ola bilir. Amma Səbail rayonunda həyat şəraiti yüksəkdir. Üstəlik dəniz havası, əlavə üstünlükdür. Əhalisi də təhsil görmüş, məhdudiyyətlərə müsbət yanaşan, anlayış göstərəndir. Yoluxma sayında insanların mədəni və həyat səviyyəsi mühüm rol oynayır.