Polad Həşimov küçəsi

Fazil Mustafa: "Düşünürəm ki, ölkə başçısının bu tapşırığı özündə xalqın istəyini ifadə edir"


Prezident İlham Əliyev general Polad Həşimovla bağlı tapşırıq verib.  
Şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adı veriləcək. Dövlət başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb və onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.

Millət vəkili Fazil Mustafa  "Şərq"ə açıqlamasında ölkə başçısının şəhid generalın adının əbədiləşdirilməsi ilə bağlı müvafiq tapşırığını  yüksək qiymətləndirdiyini bildirib: 

"Qəhrəmanların adına küçə verilərək xatirələrinin əbədiləşdirilməsi çox yaxşı ənənədir.  Konkret olaraq general Polad Həşimovun  Vətən qarşısındakı xidmətləri əsas verir ki, yaşadığı və yaxud hansısa küçəyə onun adı verilsin.

Hətta  bunlarla yanaşı, şəhid generalın adına  hərbi məktəblərdə təqaüd də verilə bilər. Bu təqaüd Polad Həşimova  bənzəmək, onun yolu ilə getmək istəyən  kursantlarımıza verilməlidir. 

O, Azərbaycanın qəhrəmanıdır və ona layiqli bütün qiyməti vermək lazımdır.

Düşünürəm ki, ölkə başçısının bu tapşırığı özündə xalqın istəyini ifadə edir. Bu istiqamətdə atılan bütün addımlar və irəli sürülən təşəbbüslər dəstəklənməlidir. Müharibədə şəhid olan hər bir kəsin adına imkan daxilində nələrsə olmalıdır".