"İranın düşmənimizə yardımını bizdən gizlətmək mümkün deyil" - Minaatanlar hardan çıxdı?!


 Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu, Zəngişalı kəndi ərazisində mərmi tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Ağdam Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları əraziyə göndərilib. Həmin yerə  birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə polislər ərazini mühasirəyə alıblar.
Agentliyin mütəxəssislərinin apardıqları təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində İran istehsallı iki ədəd 81 mm-lik minaatan mərmi aşkar olunub.  Zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əməliyyat-axtarış tədbirləri növbəti gün davam etdiriləcək.

İranın Ermənistana silah - sursat yardımı göstərmək ehtimalını "Sherg.az"a dəyərləndirən politoloq Tofiq Abbasov bunu real hesab etmir:

"Əgər, həqiqətən, belə olsa Azərbaycan məsələdən çox tez xəbər tutmalıdır. Birincisi, ona görə ki, İranda Azərbaycanı istəyən qüvvələr kifayət qədərdir. İkincisi də, ölkəmiz regionda vəziyyətə nəzarət edir. Yəni İranın düşmənimizə yardımını bizdən gizlətmək mümkün deyil. Həm də İran niyə bunu etsin? Axı ordakılar da azərbaycanlılardır. Məsələni təsadüf kimi qiymətləndirməyin tərəfdarıyam.  İranda son illər hərbi sənaye çox inkişaf edib. Belə iriçaplı silahlar isə onların hərbi sənayesi üçün prioritetdir".

T. Abbasov bunun növbəti erməni təxribatı olmasını da istisna etmir:

"Bizim münasibətlərimiz çox yaxşıdır. Dövlət başçıları ən müxtəlif məsələlərdə məsləhətləşir, birgə layihələrə imza atırlar. Paşinyan hakimiyyətə gəldikdən sonra isə İranda anti- erməni qüvvələrin sayı lap çoxalıb. Deməli, İranın Ermənistana yardımı ağlabatan deyil. Amma Ermənistan bu münasibətlərə xələl gətirmək məqsədilə növbəti təxribatını törədə bilər. Unutmayaq ki, bu dövlətin mayasında "özüm yaşaya bilmirəmsə, başqalarına da mane olmalıyam" prinsipi dayanır".