2021-ci ildə rekord səviyyədə ictimai iş yerləri yaradılacaq -  Millət vəkili Vüqar Bayramov 

Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub. Ölkə başçısı çıxışında ölkəmiz üçün mühüm olan məsələləri qeyd edib.
Prezident bildirib ki, pandemiya səbəbindən iqtisadiyyatımızın tənəzzülə uğramasına baxmayaraq heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək:

“Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır. Dövlətin səyləri ilə bərabər, həkimlərin fəaliyyətindən çox şey asılıdır, onların rolu həlledicidir”.

 Millət vəkili Vüqar Bayramov “Sherg.az”a açıqlamasında bildirib ki, bu il pandemiya səbəbindən həm qlobal, həm də milli iqtisadiyyatımız üçün xarici faktorların təsiri çox olduğu illərdən biridir. 

Deputat qeyd edib ki, bir tərəfdən pandemiyanın təsirləri, digər tərəfdən isə neftin bazar qiyməti ölkəmizə daxil olan valyutayanın həcminə təsir göstərirdi: 

“Buna baxmayaraq Azərbaycan 2020-ci ilin ilk yarım ilində həm büdcəyə qeyri-neft sektorundan və xüsusən vergiyə daxil olmalardan proqnozlaşan vəsati cəlb edə bildi. Eyni zamanda Prezidentin göstərişi ilə 2020-ci ildə nəzərdə tutulan bütün sosial proqramlar icra olunur. Hətta bir sıra sosial proqramlar üzrə əlavə vəsaitlərin ayrılması və daha çox vəsaitin bu istiqamətə yönəlməsini müşahidə edirik. 2021-ci ildə rekord səviyyədə ictimai iş yerləri yaradılacaq. Hətta pandemiyadan öncə Azərbaycanda 40 min ödənişli iş yerlərinin yaradılması nəzərdə tutulmuşdu. Amma cənab Prezidentin göstərişi ilə bu rəqəm 90 minə çatdırıldı. Əlavə olaraq 50 min ödənişli iş yerlərinin yaradılması həyata keçiriləcək”.

Parlament üzvü vurğulayıb ki, ünvanlı sosial yardım, özünü məşğulluq proqramlarına ayrılan vəsaitlərin həcmində artımlar müşahidə olunur:

“Neftin dünya bazarında qiymətinin aşağı olmasına baxmayaraq 2020-ci ildə nəzərdə tutulan bütün sosial proqramlar icra olunacaq. Bu, ondan xəbər verir ki, 2020-ci ildə Azərbaycan büdcədən sosial ayırmaları artıqlaması ilə yerinə yetirəcək. Bu il neftimizin dünya bazarında qiymətinin aşağı olması səbəbindən dövlət gəlirlərimizin azalması müşahidə olunur. Bu isə ondan xəbər verir ki, vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi dövlətimiz üçün prioritetdir. Təbii ki, Prezidentin həyata keçirdiyi siyasətin ana xətti hər bir vətəndaşın sosial təminatının yaxşılaşdırılmasıdır. 2020-ci ildə pandemiya dövründə sosial xərclərin azaldılmaması, əksinə bu istiqamətdə artımların baş verməsi məhz bunu bir daha təsdiq edir”.