Virtual hücumlardan necə qorunaq? -  Sosial şəbəkələrin fəaliyyəti qanunla tənzimlənməlidir


 Son günlərin əsas müzakirə mövzularından biri də  sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi məsələsidir. Bir sıra ölkələrdə artıq bu istiqamətdə real addımların atıldığını vurğulayan Azərbaycan parlamentariləri tezliklə ölkəmizdə də bu sahədə real addımlar atılacağına ümid edir. Onların fikrincə, bu həm dövlətin, həm də vətəndaşların təhlükəsizliyinin təminatı üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Almaniya, Fransa, ABŞ, Rusiya və bu günlərdə qardaş Türkiyənin sosial media platformalarında qanunsuz məlumatların yayılması, paylaşımların edilməsi ilə bağlı qəbul etdikləri qanunlara nəzər saldıqda görürük ki, Azərbaycanda bu sahədə böyük boşluqlar mövcuddur. Düşmənlərimiz və əlaltıları isə bu boşluqlardan rahatca istifadə edərək öz məkrli niyyətlərini həyata keçirirlər. Virtual savaşda əsl hədəf vətəndaşlarımızın düşüncəsinə təsir etməkdir. Bu baxımından əvəzolunmaz platforma olan sosial şəbəkələr təhlükəsizliyimizə qarşı fəaliyyətlər üçün geniş imkanlar yaradır.

Sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsilə bağlı beynəlxalq təcübədən danışan millət vəkili Tamam Cəfərova “Sherg.az”-a açıqlamasında 2017-ci ildə Almaniyada qəbul edilən və “Facebook aktı”  adlandırılan “Sosial şəbəkələrdə qanunvericiliyin tətbiqinin yaxşılaşdırılmasına dair” Qanunu xatırladıb.

Sözügedən qanunun  sosial şəbəkələrdə yalan təbliğat və saxta xəbərlərlə mübarizə məqsədi ilə qəbul edildiyini vurğulayan deputat deyib ki, 18 iyun 2020-ci ildə qəbul edilmiş “Sağçı ekstremizm və nifrət cinayətlərinə qarşı daha səmərəli mübarizə” adlı Qanuna görə,  sosial şəbəkələr paylaşımları silməklə bərabər, müəlliflərin İP adresləri ilə birlikdə Federal Kriminal İdarəsinə bəyan etməlidirlər: “ May ayında isə  ABŞ prezident Donalt Trampın qəbul etdiyi “Onlayn senzuradan müdafiə barədə” Sərəncamda sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməməsinin dövlətin təhlükəsizliyinə qarşı birbaşa təhdid olduğu vurğulanıb. Türkiyə Böyük Millət Məclisinin ötən günlərdə qəbul etdiyi qərar sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsinin ən optimal örnəklərindən biridir. Belə ki, bir milyondan çox istifadəçisi olan sosial şəbəkələr Türkiyədə nümayəndəlik açmaq məcburiyyətində olacaq. Əks təqdirdə, 5 mərhələli sanksiya tətbiq ediləcək. Təhqir, böhtan, cinayət tərkibli paylaşımlar 48 saat müddətində silinəcək. Bu yolla həm sosial şəbəkələr, həm şəbəkə istifadəçiləri yaydıqları informasiyaya görə məsuliyyət daşıyacaqlar”.

İnkişaf etmiş ölkələrin təcrübəsinə istinad edən T. Cəfərovanın sözlərinə görə,   sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi ölkənin istər daxili düşmənlərdən, istərsə də xarici hücumlardan qoruması üçün mühüm əhəmiyyət kəsb edir.
Bu cəhətdən ölkəmizdə sosial şəbəkələr üzərində qanunla müəyyənləşmiş nəzarət və tənzimlənmə mexanizminin olmaması bu sahədə həm qanunda boşluğun olduğunu, həm də ölkəmizin virtual hücumlardan qorunma mexanizminin inkişaf etdirilməsinin vacibliyini göstərir:  

“Müharibə şəraitində yaşayan bir ölkə və xalq olaraq, düşmənlə cəbhədəki real müharibə ilə yanaşı sosial şəbəkələrdə də ciddi bir hücumla qarşı-qarşıya dayanırıq. Düşmənə bütün cəbhələrdə layiqli cavabı verməyimizə baxmayaraq, Azərbaycanda və ondan kənarda yaşayan sosial media və digər onlayn platforma istifadəçilərinin müəyyən bir qismi erməni xüsusi xidmət orqanlarının və maşa kimi istifadə olunan bəzi azərbaycanlı jurnalist, bloger və digərlərinin apardıqları dezinformasiya, əks-təbliğat və qara piyar (PR) kimi kampaniyalarının qurbanı oldu və bəzən bilməyərəkdən dövlət maraqlarımıza zidd olan, arzuolunmaz kontentin təbliğatçısına çevrildilər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciətində bu haqda belə deyibr:

“Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır. Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək  tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək “müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər.”