Ermənistanın arzusu ürəyində qaldı: “Rusiyadan dəstək alacağına inanırdı, amma...”

“...Heç bir müttəfiqi bu ölkəni saymadı. Beynəlxalq hüququn müddəaları Azərbaycanın tərəfindədir”

“Ermənistan tezliklə danışıqlar masası arxasına keçməsə, onu çox ciddi təhlükələr gözləyir”

“Bu dəfə heç kim düşmənin köməyinə gəlməyəcək. İstəsə də, bacarmayacaq"


Bu günlərdə dövlət başçısı İlham Əliyev Balakən regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib. Prezident çıxışında bir sıra vacib məsələlərə toxunub. O, bildirib ki, Tovuz rayonu istiqamətində baş verən hadisələr Ermənistanın faşist mahiyyətini və qorxaq xislətini bir daha göstərdi.
Bundan başqa mənfur qonşumuzun müharibəni dinc əhaliyə qarşı apardığı nəzərə çatdırılıb. O da vurğulanıb ki, Ermənistanın əsas məqsədi dövlət sərhədində münaqişə yaratmaq, sonra bu konfliktdə Azərbaycanı günahlandırmaq, ardınca KTMT- yə müraciət edərək, hərbi yardım istəməkdir.

Bu barədə "Sherg.az"a danışan millət vəkili, Azərbaycan Demokratik Islahatlar Partiyasının sədri Asim Mollazadə Ermənistanın arzusunun ürəyində qaldığını deyib: 

"Düşmən strateji layihələrin keçdiyi bir əraziyə hücum etməklə mənfur simasını növbəti dəfə göstərdi. Bu təxribat əslində genişmiqyaslı idi. Çünki Ermənistanın Rusiyadan və digər havadarlarından dəstək alacağına inanırdı.

Amma heç bir müttəfiqi Ermənistanı saymadı. Ona görə ki, beynəlxalq hüququn bütün müddəaları Azərbaycanın tərəfindədir.

Ermənistan tezliklə danışıqlar masası arxasına keçməsə, onu çox ciddi təhlükələr gözləyir. Bu dəfə heç kim düşmənin köməyinə gəlməyəcək. İstəsə də, bacarmayacaq".