“...Danışıqların nə mənası qalır axı?!" - Deputat

“Beynəlxalq sənədlər Ermənistanı münaqişənin tərəfi kimi qəbul edir"

“Münaqişənin iki tərəfi var və Ermənistan bu prosesdə aqressor kimi çıxış etməkdən yaxa qurtara bilməz”

“Münaqişənin Azərbaycanın ərazi bütövlüyündən kənar hər hansı həll variantı müzakirə predmeti ola bilməz”



"Paşinyan iqtidarının davamlı şəkildə işğal və təcavüz məsuliyyətindən boyun qaçırmaq cəhdlərinə baxmayaraq, beynəlxalq sənədlər Ermənistanı münaqişənin tərəfi kimi qəbul edir". 

Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. 

Deputat bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması üçün əlavə mexanizm fikirləşməyə gərək yoxdur: 

"ATƏT-in 1992-ci ildə imzalanmış Helsinki sənədində münaqişənin tərəfləri aydın şəkildə öz təsbitini tapır. Minsk Qrupunun ötən il imzaladığı bəyanatlar da bunu bir daha təsdiq etdi. İşğalı törədən onun nəticələrinə də qatlaşmalıdır. Əgər Ermənistan iqtidarı düşünürsə ki, əsassız şərtlər irəli sürərək beynəlxalq ictimaiyyəti aldatmağa və bununla da məsuliyyətdən yayınmağa nail olacaq, yanılır, əslində özünü aldatmış olur. Azərbaycan dövləti heç bir nizamlanma şəraitində öz ərazilərindən bir qarış da güzəştə getməyəcək.

Prezident İlham Əliyev də sonuncu çıxışında bu məsələyə aydınlıq gətirdi. Cənab Prezident açıq şəkildə vurğuladı ki, Dağlıq Qarabağdakı quldur, kriminal rejimlə heç bir danışıq aparılmayacaq. 

Münaqişənin iki tərəfi var və Ermənistan bu prosesdə aqressor kimi çıxış etməkdən yaxa qurtara bilməz. Digər tərəfdən, əgər Ermənistan rəhbərliyi "Dağlıq Qarabağ Ermənistandır" deyirsə, onda ümumiyyətlə, danışıqların nə mənası qalır axı?! Danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş bütün torpaqlar azad olunmalı və tarixi torpaqlarından qovulmuş azərbaycanlılar öz yurd-yuvalarına qayıtmalıdırlar". 

E.Mirbəşiroğlu vurğulayıb ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyündən kənar hər hansı həll variantı müzakirə predmeti ola bilməz:

"Bu baxımdan, cənab Prezidentin dünən münaqişənin nizamlanması barədə səsləndirdiyi fikirlərin əsas məğzi ondan ibarətdir ki, Azərbaycan Ermənistanın 7 şərtinin qarşısına bir şərt qoyur. Ermənistan silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdır”.