“Ermənistan informativ, diplomatik və hərbi məğlubiyyətin şokunu yaşayır” – Növbəti fiasko

“Erməni lobbisinin Azərbaycan diasporuna uduzması Paşinyanı və ölkə ictimaiyyətini qəzəbləndirib, narazılıqlar artır”

“Baş nazir “çıxış yolu”nu Ermənistanın diasporla iş üzrə komissarın ofisində təmizləmə aparmaqda gördü” 


İyulun ortalarında Ermənistanın Azərbaycanın dövlət sərhəddində törətdiyi növbəti təxribat səbəbindən  Azərbaycan diaspor təşkilatlarının göstərdiyi xüsusi fəallıq Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoyub.  Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qalan erməni lobbisi özünün mürtəce, vəhşi simasını ifşa etməyə başladı.  Çünki onlar Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və savaş ovqatı gözləmirdilər. Nikol Paşinyanın Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqıa 13 nəfəri işdən kənarlaşdırması da erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir.

Qeyd edək ki, Azərbaycanla dövlət sərhəddinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq hərbi təxribat törədən Ermənistan silahlı qüvvələrinin qarşısı ölkəmizin qüdrətli ordusu tərəfindən layiqincə alındı, təcavüzkar dövlət növbəti dəfə iflasa düçar olaraq öz məkrli niyyətinə çata bilmədi. Bundan sonra informasiya platformasında dezinformasiya və manipulyasiyalar vasitəsilə yeni təxribatçı hərəkətlərə yol verərək kiberterrora əl atan Ermənistan növbəti dəfə fiaskoya uğradı. 

Millət vəkili  Hikmət Babaoğlunun “Sherg.az”a dediyi kimi bu uğursuzluq hərb və informasiya müstəvisində iflasa düçar olmuş Paşinyanı yeni addım atmağa vadar etdi və beləliklə, o, “çıxış yolu”nu Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparmaqda gördü: 

“ Rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfərin işdən kənarlaşdırılması artıq erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını göstərməklə yanaşı, Ermənistan rəhbərliyinin siyasi isterika içində bütün inzibatı resursları səfərbər etdiyini göstərir. İşğalçı ölkə mətbuatı da Paşinyanın psixoloji məğlubiyyət sindromundan əziyyət çəkdiyini, eyni zamanda, Ermənistan cəmiyyətinin narazılığı nisbətən azaltmaq üçün Diaspor Komitəsinin şöbə müdirlərini günahkar kimi təqdim etdiyini yazır”.

İrəvanda nəşr olunan “Past” qəzetinin yaydığı məlumata istinad edən millət vəkilinin sözlərinə görə, erməni lobbisinin Azərbaycan diasporuna uduzması həm Paşinyanı, həm də bu ölkə ictimaiyyətini qəzəbləndirib, narazılıqlar getdikcə artmaqdadır:

“Hətta hakimiyyət daxilində ziddiyyətlər konfrantasiya səviyyəsinə çatıb. Belə ki, Paşinyan Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyanla ciddi mübahisə edərək onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib.

Beləliklə, işğalçı ölkədə həm hakimiyyət dairələri erməni lobbisinin Azərbaycan diasporu qarşısında aciz və məğlub duruma düşməsindən ciddi narahatdırlar. Paşinyan isə manevrlərlə həm diqqəti yayındırmağa, həm də məğlubiyyətin “günahkarlar”ını cəzalandırmağa çalışır. Bütövlükdə, Ermənistan total şəkildə informasiya, diplomatiya və hərb müstəvisində məğlubiyyətin şokunu yaşayır.

Məğlubiyyət sindromu isə hakimiyyət böhranını dərinləşdirməklə yanaşı, Paşinyana qarşı ictimai-siyasi narazılıqların artmasını və yeni etiraz dalğasının meydana çıxmasını şərtləndirir”.