“Vallah, heç kino yada düşür ki?!”

“Bu dəqiqə pandemiyanı, Qarabağı, gedən döyüşləri fikirləşirik. Kino gününü unutmuşuq"

“Düşünürəm ki, ay Allah  Qarabağı azad edəydik, o günü görəydim. Ondan sonra kino haqqında danışmaq  olar”


Bu gün- 2 avqust Azərbaycanda milli kino günüdür.  Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-i ölkənin mədəniyyəti və incəsənəti üçün əlamətdar tarix kimi qeyd olunur. 

Məlumat üçün bildirək ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmdu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

Biz də “Sherg.az” olaraq bu əlamətdar gün münasibətilə kinomuzun Nəsimisi, korifey sənətkar, xalq artisti Rasim Balayevlə əlaqə saxlayıb, onun kinomuzun bu günü ilə bağlı fikirlərini öyrəndik:

“Vallah heç kino yada düşür ki?  Bu dəqiqə pandemiyanı, Qarabağı, gedən döyüşləri fikirləşirik. Kino gününü unutmuşuq.  Düşünürəm ki, ay Allah  Qarabağı azad edəydik, o günü görəydim. Ondan sonra kino haqqında danışmaq  olar”.

Bununla yanaşı R.Balayev onu da əlavə etdi ki, bu gün Azərbaycan kinosu yaxşı vəziyyətdə deyil:

“Bəzi adamlar çıxış edir ki,  65 dənə mükafat aldıq, filan.. Reallıq budur, Azərbaycan kinosu çətin günlər yaşayır. Hazırda qlobal problemlərimiz var.  Təsəvvür edin, indi   heç ucuz seriallar da çəkilmir. Çünki adamları bir yerə yığışmağa qoymurlar. Öncə  bəşəriyyəti bürüyən bəladan qurtulaq..”.