Soros yalnız Ermənistan kimi təxribatla məşğul olan ölkələrlə əməkdaşlıq edir

"Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan formalaşdırılıb".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.



 Siyasi şərhçi bildirib ki, Ermənistanda hakimiyyətin müxtəlif qollarında mühüm vəzifələrdə işləyən insanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub:

"Heç də təsadüfi olmayaraq Ermənistanda baş vermiş "inqilab” Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Burada diqqət çəkilməli xüsusi bir məqam ondan ibarətdir ki, Soros fondu pandemiya ilə mübarizə istiqamətində postsovet məkanında heç bir ölkəyə yardım göstərmədiyi halda Ermənistana 600 min dollar maliyyə yardımı edib. Ermənistanla müqayisədə isə Azərbaycanda Soros fondunun heç bir fəaliyyəti qəti şəkildə mövcud deyil. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq açıq və düzgün siyasət həyata keçirir. Soros və ona oxşar təşkilatlar yalnız öz fəaliyyət dairələrinə uyğun olaraq Ermənistan kimi təxribatla məşğul olan ölkələrlə əməkdaşlıq edirlər".

Analitik qeyd edib ki, Ermənistanda gənclərin beyinlərini zəhərləyirlər:

"Bu gün Azərbaycanda gənclər dövlət əhəmiyyətli mühüm layihələrə cəlb olunaraq dövlətin yürütdüyü siyasəti dəstəklədiyi halda Ermənistanda geniş vüsət alan bu təşkilat gənclərin beyinlərini zəhərləyən təxribatçı əməllərlə məşğuldurlar. Çünki hazırki rəhbərlik Sorosun agentləridir və onların sifarişini icra edir. Ona görə bu gün Soros fondu açıq-aydın Ermənistan rəhbərliyinə 600 min dollar ianə verib”.