"Ermənilər nəticə çıxarmasalar, bunun son dərəcədə ağır qarşılığını görəcəklər” - Millət vəkili 


"Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlara nail olub". Bunu "Sherg.az"a millət vəkili Eldəniz Səlimov deyib.

Deputat bildirib ki, ölkə başçısının Qobustan, İsmayıllı, Qəbələ, Şəki və Balakən rayonlarına səfərləri tarixi və unudulmaz bir hadisəyə çevrildi:

"Konkret olaraq, son səfərlərdə 3 modul tipli xəstəxanın, həmçinin, ölkə üçün çox əhəmiyyətli yolların açılışları oldu. Həmçinin, Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun bir hissəsinin yenidən qurulması layihəsi ilə tanışlıq baş verdi. Bununla yanaşı, İsmayıllının Basqal kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması, Balakəndə Uşaq İncəsənət Məktəbinin yeni binasının, Balakən regional “ASAN xidmət” mərkəzinin və “Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılış mərasimləri düzənləndi. O cümlədən Balakəndə 2012-ci ildən fəaliyyət göstərən “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanışlıq baş tutdu. Bunlar adi, sıradan məsələlər deyil, hər biri həm adıçəkilən bölgələrin, həm də bütövlükdə ölkəmizin inkişafı, tərəqqisi, çiçəklənməsi naminə atılan addımlardır".

Parlament üzvü vurğulayıb ki, koronavirus pandemiyasına, iqtisadiyyatda bəzi geriləmələrin baş verməsinə baxmayaraq, Azərbaycan dövləti vətəndaşların rifahı, gələcəyi naminə addımlar atır, müstəsna işlər görür: 

"Dövlətimiz ən çətin situasiyalarda belə çıxış yollarını tapmağı, ən əsası öz insanının, öz vətəndaşının yanında olmağı bacarır. Dövlət üçün başlıca amil Azərbaycan insanının güzəranın yaxşılaşdırılması, sağlamlığının, təhlükəsizliyinin ən üst səviyyələrdə təşkil edilməsidir. Bunlar həm də Azərbaycan dövlətinin başçısı, liderimiz İlham Əliyevin iradəsi, qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində reallaşan hadisələrdir".

E.Səlimov bəyan edib ki, Azərbaycan regionun və dünyanın lider dövlətlərindən, milli-dini tolerantlıq mərkəzlərindən, siyasi, iqtisadi, humanitar, hərbi dialoq məkanlarından birinə çevrilib:

"Heç kim, heç bir qüvvə bizi öz yolumuzdan döndərə bilməyəcək. Bunu həm Şəkidə, həm də Balakəndə tarixi çıxışları zamanı dövlət başçısı bir daha dilə gətirdi və qətiyyətli şəkildə bəyan etdi. Balakən rayonunda çıxışı zamanı həm də ağrılı problemimiz olan Qarabağ münaqişəsinə, Ermənistanın, onun havadarlarının təxribatlarına, fitnəkarlıqlarına toxunan dövlət başçısı yenidən və bir daha birmənalı mövqeyini ifafə etdi ki, "Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə “ASAN xidmət” mərkəzləri yaradacağıq". Bu sözlər düşmənlərimizə, onun havadarlarına, antiAzərbaycan dairələrə bir mesaj, bir xəbərdarlıqdır. Nəticə çıxarmaq onlardan asılıdır. Çıxarmasalar, bunun son dərəcədə ağır şəkildə qarşılığını və bir daha Azərbaycanın gücünü, qüdrətini, nələrə qadir olduğunu görəcəklər”.