"Söhbət vətəndən, dövlətçilikdən gedəndə soydaşlarımız yumruq kimi birləşirlər" - Politoloq


Tovuz döyüşləri ermənilərin məkrli simasını ifşa etməklə yanaşı, daha bir neçə faktı da üzə çıxardı. Bunlardan ən başlıcası isə erməni diasporunun yarıtmaz fəaliyyətidir. Paşinyanın Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən azad etməsi erməni diasporunun fəaliyyətində ciddi problemlərin yarandığını sübut edir.

Düşmən qüvvələrindən fərqli olaraq, xaricdə yaşayan soydaşlarımız çox nümunəvi davrandılar. Nəticədə tarixdə ilk dəfə olaraq erməni lobbisi Azərbaycan diasporunun qarşısında aciz qaldı. Hətta yerli nəşrlər, o cümlədən “Past” qəzeti də bu barədə xəbərlər tirajlayır və Paşinyanın Azərbaycan diasporunun qarşısında çaş- baş qaldığını yazırlar.

Yaranan vəziyyəti “Sherg.az”a qiymətləndirən politoloq Elxan Şahinoğlu Azərbaycan diasporunun fəaliyyətini çox yüksək qiymətləndirib:

“Müstəqil Azərbaycan tarixində ilk dəfə idi ki, xaricə yaşayan həmvətənlərimiz bu qədər mütəşəkkil birləşirdi. Hətta ermənilərin yuvası sayılan Los-Ancelesdə də çox ciddi yürüşlər oldu. Bu onu göstərir ki, başqa ölkələrdə yaşayan soydaşlarımız arasıında siyasi düşüncə fərqi olsa da, söhbət vətəndən, dövlətçilikdən gedəndə yumruq kimi birləşirlər. Əlbəttə, təqdirediləsi haldır. Biz diaspor fəaliyyətimizi daha da gücləndirməli və xaotik yox, daha nizamlı hərəkət etməliyik. Bu işlə həm də diaspor komitəsi məşğul olmalıdır”.