Neftin qiyməti düşür: Rusiya neqativ ssenariyə hazırlaşmışdı, Azərbaycan da artıq bu ssenari ilə gedir


Azərbaycanın 2020-ci il dövlət büdcəsində neftin qiyməti dəyişdirilir. 
Bununla bağlı məsələ “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişiklik layihəsində Azərbaycan neftinin bir barelinin qiyməti 35 dollardan götürülüb.

Qeyd edək ki, bundan əvvəl neftin bir barelinin qiyməti 55 dollar müəyyən olunmuşdu. Layihə Milli Məclisin avqustun 5-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq. 

 Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban isə “Sherg.az”a açıqlamasında tendensiyanı normal hesab edir:

“Beynəlxalq maliyyə qurumları 2019-cu ildə növbəti il üçün proqnoz verəndə neftin qiymətinin 64 dollardan 4-5 dollar aşağı düşəcəyini, yəni təxminən 60 dollar olacağını deyirdi. Azərbaycan bunu nəzərə alaraq özünü sığortaladı və qiyməti 55 dollar etdi. İndi qiymətin 20 dollar aşağı salınmasına görə, hökuməti qınamaq olmaz. Şimal qonşumuz olan Rusiya da neft ölkəsidir. Büdcənin 60 faizi neftdən asılıdır. Orada hazırda neftin qiyməti 42 dollardır. Yəni Rusiya neqativ ssenariyə hazırlaşmışdı. Azərbaycan da artıq bu ssenari ilə gedir. Ölkəmizdəki neftin qiymətinin yanvarda 68, fevralda 55, martda isə 51 dollar olduğunu nəzərə alsaq, qiymətin aşağı düşəcəyi gözlənilən idi”.