Pandemiya başlayandan dövlətimiz bütün imkanlarını səfərbər edib - Azər Həsrət 


 Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub. Ölkə başçısı bir sıra mühüm məqamlara toxunub. Prezident eyni zamanda Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında da iştirak edib.

Dövlət başçısı  koronavirusla mübarizədə vacib olan məsələləri də qeyd edib. O, bildirib ki, Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər, yeni xəstəxanaların yaradılması, xəstələrin müalicəsi üçün zəruri tədbirlərin həyata keçirilməsi vacibdir:

“İqtisadiyyatımızın tənəzzülə uğramasına baxmayaraq heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə sosial tədbirləri daha da gücləndirilir. Görülmüş işlərin nəticəsində ilk günlərdən xəstəlik nəzarət altında saxlanıldı. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizdə görülən işlərə çox yüksək qiymət verildi. Pandemiyadan az itkilərlə çıxmaq üçün vacib olan üç şərt: məsafə saxlamaq, şəxsi gigiyenaya riayət etmək və məsuliyyətli olmaq lazımdır”.

 Prezidentin səfərinə dair fikirlərini “Sherg.az”la bölüşən siyasi şərhçi Azər Həsrət bildirib ki, ölkə başçısı pandemiya başlayandan bir nömrəli məsələ kimi xalqımızın sağlamlığının hər şeydən öndə olduğunu deyir. Bunun üçün dövlətimiz bütün imkanlarını səfərbər edib:

“Hələ fevral ayının sonu-mart ayından başlayaraq dövlətimiz maliyyə ayırdı. Bəzi vətəndaşlar işə gəlmədən evdə oturaraq maaşını ala bildi. Eyni zamanda gündəlik qazanc əldə edən vətəndaşların da təminatını dövlət üzərinə götürdü. Bütün bunları ona görə edilir ki, dövlətimiz üçün hər şeydən önəmli vətəndaşların sağlamlığıdır. Şəki, Balakən səfəri çərçivəsində cənab Prezidentin səsləndirdiyi fikirlər də bunu sübut edir. Prezident bir daha qeyd etdi ki, iqtisadiyyatımızdakı geriləmə qaçılmazdır. Eyni zamanda bir çox insanların bu proseslərdən zərər görməsi baş verə bilər. Məhz dövlətimiz vətəndaşların az zərər görməsi üçün özünü səfərbər edib. Virusa qarşı mübarizə tədbirləri çərçivəsində ilk olaraq səhiyyə sistemi - həkimlərimiz səfərbər olunub, ikinci bir tərəfdən insanların gündəlik təminatı dövlət tərəfindən həll edilir”. 

A.Həsrət vurğulayıb ki, dövlətimiz vətəndaşlarını başlı-başına buraxmadı:

“Əksinə dövlət hər bir vətəndaşdan xahiş etdi ki, evinizdə oturun, sağlamlığınızın qayğısına qalın. Cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sağlam həyatı, rifah halı durur. Bu, koronavirusa qədər də belə idi, pandemiyadan sonra da Prezident bu məsələlərlə daha intensiv şəkildə məşğul olmaqdadır. Bizim üçün sevindiricidir ki, dövlətimiz və Prezidentimiz bizi taleyin ümidinə buraxmadı. Prezidentin regionlarımıza səfəri də bunu bir daha göstərdi”.