"Birlik, bərabərlik və xeyirxahlıq ölkə başçısının cəmiyyətimizə aşıladığı əsas məqamlardan biridir"


 “Bir millət olaraq bölüşdüyümüz sevincli və özünəməxsus günlərdən biri də Qurban bayramıdır. Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır”.

Bu sözləri ölkə başçısı İlham Əliyevin Qurban Bayramı münasibəti ilə Azərbaycan xalqına ünvanladığı təbrik mətnini şərh edən millət vəkili Bəhruz Məhərrəmov deyib.  

Deputatın sözlərinə görə, hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da insanlarda gücləndirir:

“Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza sevinclə qeyd edirlər. Bu, xalqımızın mənəvi dəyərlərinə dövlət qayğısının nəticəsidir. Ölkə başçısının da qeyd etdiyi kimi insanları saflığa və xeyirxah amallar uğurunda hər cür fədakarlığa hazır olmağa səsləyən müqəddəs İslam bayramı cəmiyyətdə ali insani dəyərlərin daha  da güclənməsinə xidmət edir. İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.
Təsadüfi deyil ki, İslamın əsas dəyərlərindən hesab olunan birlik və bərabərlik, xeyirxahlıq kimi addımlar  ölkə başçısının cəmiyyətimizə aşıladığı  əsas məqamlardan biridir. Bu bayram günlərində ölkə başçısının  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini  minnətdarlıqla yad etməsi də cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edir”. 
Prezident İlham Əliyevin Qurban Bayramı münasibəti ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığını xatırladan millət vəkili dövlət rəhbərinin eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin dövlət və hökumət başçılarına da  təbrik ünvanladığını deyib: “Təşkilata üzv ölkələrin rəhbərləri də  müqəddəs bayram münasibəti ilə Azərbaycan prezidentini təbrik edib. Bütün bunlar ölkəmizin İƏT-da fəal üzv kimi rolunun yüksək olduğunu göstərir”.