"Rusiya Ermənistandan sadəcə fiqur kimi istifadə edir" - Politoloq 

İndiki Ermənistan rəhbərliyi faktiki olaraq Soros fondunun nəzarəti altında fəaliyyət göstərir. Ona görə bu hakimiyyətin mənəviyyatsız, vandal və vəhşi davranışında təəccüblü nə isə axtarmaq əbəsdir. “Sherg.az” olaraq Ermənistanın indiki durumu ilə bağlı politoloq Azər Rəşidoğlu ilə həmsöhbət olduq.

Politoloq hesab edir ki, Ermənistan indi “iki daşın arasında qalıb”. Qərbə istiqamətlənmək istəyir, amma Rusiya buna imkan vermir. Ermənistan özü də başa düşür və etiraf edir ki, o, faktiki olaraq Rusiyanın tabeliyindədir.
- Bu asılılığı şərtləndirən nədir?
İlk növbədə iqtisadi amil. Ermənistan Rusiyanın nəzarətindən çıxacağı təqdirdə iqtisadiyyatı saatlar ərzində iflic vəziyyətə düşəcək. 
-  Axı Rusiya həm də Ermənistana kömək edir...
- Bu, kömək deyil. Maraqdan irəli gələn həmlədir. Rusiyanın 102-ci hərbi bazası Ermənistandır. Həmin qoşun hissələri Ermənistan sərhədlərini qoruyur.
- Kömək deyilsə, deməli, Kreml lazım olsa, həmin bazadan Ermənistanın özünə qarşı istifadə edə bilər?
- Şübhəsiz. Rusiya Ermənistana aşiq olmayıb ki... Onun istəyi sadəcə Ermənistandan fiqur kimi istifadə etməkdir. Əslində Ermənistanı Rusiyadan asılı edən ikinci amil də budur - hərbi təzyiq. Ermənistan şimaldan üz döndərib, Qərbə sarı meyil etsə, Paşinyan qarşısında həmin hərbi qüvvələrin timsalında Putini görəcək. Rusiya Ermənistana paliqon kimi baxır. Ümumiyyətlə, əgər bir ölkədə başqa bir dövlətin hərbi bazası varsa, bu, ona təhdid deməkdir. 
- Bəs Ermənistan müstəqil siyasət yürütməkdən ötrü nə etməlidir?
- Ermənistan zəncirinin Rusiyanın əlində olunduğu heç kimə sirr deyil. İndi o, sosial-iqtisadi layihələrdən kənardadır. Hər kəs üçün maraqsızdır. Ermənistan, həqiqətən, müstəqil siyasət yeritmək istəyirsə, işğal etdiyi Azərbaycan torpaqlarını - Dağlıq Qarabağı qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır.