Netanyahu: “İsrailə qarşı hər hansı bir hücuma cavab veriləcək”

“İsrailə qarşı hər hansı bir hücumun cavabı veriləcək, bu prinsip hücum edən hər kəsə şamil olunur”.

APA-nın TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə (parlamentdə) bildirib.

O, Suriya, Livanla sərhəddə baş verən son hadisələr, eləcə də Qəzza zolağından atılan raketlərə bağlı bəyanatla çıxış edib: “Bizə hücum etməyə çalışan hər kəsi vuracağıq və bu prinsip bizə hücum edən hər kəsə aiddir. İsrail ordusu Suriya cəbhəsində partlayıcı qurğular quraşdırmaq cəhdinin qarşısını aldı. Dünən növbəti hücuma qarşı hərəkətə keçdik. Təhlükəsizlik məsələsinə gəlincə, bir saniyə belə dincəlmirik”.

Qeyd edək ki, avqustun 3-nə keçən gecə, Suriya ilə sərhəd yaxınlığındakı Qolan yüksəkliklərində təhlükəsizlik hasarına partlayıcı qurğular quraşdırarkən 4 nəfər İsrail hərbi hücumu nəticəsində öldürülüb. Avqustun 2-də axşam Qəzzadan olan Fələstin radikal qruplaşmasının üzvləri İsrail ərazisinə bir raket atıb. Həmlə “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən dəf edilib. Cavab olaraq İsrail qırıcıları sektordakı Həmas hərəkatının hərbi hədəflərinə hücum ediblər.

Xatırladaq ki, İsrail ordusunun sözçüsü Conatan Konrikus iyulun 27-də xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirmişdi ki, bir qrup silahlı şəxsin Livan ilə sərhədi keçməsinin qarşısını alıblar.