Əmək miqrantlarının yarıdan çoxu Rusiyanı tərk etməyəcək

Rusiyada işləyən və ya işə gəlməyi planlaşdıran əmək miqrantlarının yarıdan çoxu bu ölkədə həmişəlik qalacaqlarını deyirlər.
Vesti.ru ölkənin Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Rusiyada hər il təxminən səkkiz milyon miqrant rəsmi qeydiyyata alınır.
2020-ci ilin yanvar-iyun aylarında 24 862 xarici vətəndaşa Rusiyada iş icazəsi verilib (bir il əvvəl bu göstərici 60 mindən çox idi). Eyni zamanda, xarici vətəndaşların və vətəndaşlığı olmayan 5,3 milyon nəfər (bir il əvvəl – 8,7 milyon nəfər) miqrasiya qeydiyyatına alınıb.
Karantin müddətində işdən çıxarılan miqrantların yarıdan çoxunun yemək üçün pulları olmayıb, onların 35%-i bir ay qazanc olmadan ölkədə qala bilib. Lakin belə bir şəraitdə yalnız hər on miqrantdan biri sonradan Rusiyaya qayıtmaq şərtilə vətənlərinə müvəqqəti getməyə hazır olub. Sorğuda iştirak edənlərin 42,7%-i köhnə işlərinə qayıdacaqlarına və 42,8%-i yeni iş tapacaqlarına əmindir.
Məlum olub ki, ölkədəki xarici vətəndaşların 40%-i işini itirib, Rusiya vətəndaşlarının isə 23%-i işsiz qalıb.
İşlərini itirən miqrantların ən böyük hissəsi Moskvada yaşayır.
Ümumiyyətlə, Rusiyadakı miqrantların təxminən 51%-i və Moskvadakı miqrantların 54%-i bütün gəlir mənbələrini tamamilə itirdiyini bildirib.
Statistika pandemiya zamanı miqrantlar arasında cinayətlərin artdığını göstərir. Vəziyyətin pisləşməsinin səbəblərindən biri də sərhədlərin bağlanmasından əvvəl Rusiyanı tərk edə bilməyən miqrantlar arasında gəlirin azalması və işsizliyin artmasıdır.