“Ermənistan müharibə meydanında təklənir” – Detallar açıqlandı 

“Çünki heç kim Ermənistanın sabahına inanmır”

“Bunun birinci səbəbi dövlətin müharibə zonasında olması, ikincisi isə sürətlə yayılan virusdur”



Ermənistan ordusunda koronavirusa yoluxma halları artıb.  İşğalçı ölkənin Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib ki, 1 iyul tarixində hərbi xidmətə çağırış başlayandan iyulun 30-na kimi 30 əsgərdə koronavirus aşkarlanıb. Bu, hələ dedikləridir. Çox güman, real rəqəmi dəfələrlə azaldırlar.

Amma bir məqam dəqiqdir ki, Azərbaycan hərbçilərinin gülləsi ilə ölməyənlər koronavirusun qurbanı olacaqlar.

Düşmən ölkədə koronavirusun bu qədər geniş tüğyan etməsini “Sherg.az”a qiymətləndirən ehtiyatda olan polkovnik Cəlil Xəlilov Ermənistan hökumətinin həqiqəti gizlətdiyini düşünür: 

“Adətən belə informasiyaları açıq-aydın yaymırlar. Ancaq görünən odur ki, həm ictimaiyyət, həm də ordu koronavirus qarşısında aciz qalıb. Bu, müvafiq qurumların yarıtmaz fəaliyyəti ilə əlaqədardır. Digər ölkələrlə müqayisə edəndə xəstəliyin Ermənistanda daha çox yayıldığını görmək olar”.

C. Xəlilovun fikrincə, bu fakt Ermənistanın müharibə meydanında təklənməsinə səbəb olacaq: 

“Düşmən çətinə düşəndə həmişə təxribata əl atır. Paşinyan hakimiyyəti başa düşür ki, insanların sosial vəziyyəti ağırdır. Məhz cəmiyyətin fikrini yayındırmaq məqsədilə döyüşə başlayır və bununla “başımız müharibəyə qarışıb” deyir. Amma düşmənə daha kömək göstərilməyəcək.
Çünki heç kim Ermənistanın sabahına inanmır.
Bunun birinci səbəbi dövlətin müharibə zonasında olması, ikincisi isə sürətlə yayılan virusdur”.