Deputatlara bayram pulunun verilməsi narazılıq doğurdu: “…Konstitusiyaya ziddir” 

“Qanunda xüsusi günlərə dair isə heç nə nəzərdə tutulmayıb”

“Millət vəkillərinə ancaq vəzifə maaşı və bunun 50 faizi qədər müavinət ödənilir”



Qurban bayramı ilə əlaqədar Milli Məclisin deputatlarına əlavə pul ödənilib. Bu barədə parlamentdəki mənbə məlumat verib. Bildirilib ki, Qurban bayramı ilə əlaqədar deputatlara aylıq maaşdan əlavə 549 manat verilib.
Sual yaranır, bir tərəfdən koronavirusun pandemiyası, bir tərəfdən cəbhədə erməni təxribatına qarşı mübarizə apardığımız bir dönəmdə millət vəkillərinə bayram pullarının verilməsi çoxmu vacib idi. Yenə, maşşları 300-500 manat olsa, dərd yarı...

 Bu barədə “Sherg.az”a fikrini bildirən keçmiş parlemantari, iqtisadçı-ekspert Nazim Bəydəmirli deputatlara 549 manat vəsaitin ödənilməsinin qanunsuz olduğunu deyib: 



“2005-2010-cu illərdə belə hal yox idi. İndi millət vəkillərinə bayram pulunun ödənməsi isə təsadüfi deyil. Deputatların maaşlarının çox olması barədə cəmiyyətdə mənfi fikirlər var. Məsələnin kökündə dayanan məqam məhz budur.

Çox güman ki, ictimai qınağı aradan qaldrmaq məqsədilə belə bir addım atılıb. Amma bu, qanunsuzdur. Azərbaycan Respublikasının deputat fəaliyyəti haqqında qanunda göstərilir ki, millət vəkillərinə ancaq vəzifə maaşı və bunun 50 faizi qədər müavinət ödənilir.

Qanunda bundan başqa maddi təminat nəzərdə tutulmayıb. Bir də yaz və qış sessiyasının sonunda tibbi müayinədən keçmək və istirahət üçün deputatlara 2 aylıq maaş miqdarı həcmində vəsait verilir.

Bayramlara, xüsusi günlərə dair isə heç nə nəzərdə tutulmayıb. Odur ki, deputat statusu haqqına aid olmayan vəsaitin konstitusiyaya zidd olduğunu düşünürəm”.