“Sosial şəbəkələri idarə olunan hala gətirmək istəyirlər, amma...” - SÖHBƏT

“...Qadağalar çoxaldıqca, çıxış yolları da artır” 

"Sosial platformaya təzyiq onun əhatəsinin çox geniş olması və ictimai şüura asanlıqla təsir edə bilməsi ilə bağlıdır”

"Bu platformalar xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir” 

“Bir müddətdən sonra internet indiki qaydalarla işləməyəcək” 



Bu günlərdə dünya koronavirusla, ABŞ prezidenti Donald Trump isə sosial şəbəkələrlə mübarizə aparır. Necə deyərlər, bütün dərdi-azarı sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaqdır. O, bir müddət əvvəl Çinin “TikTok” sosial şəbəkəsinin işinə qadağa qoymaq niyyətində olduğunu açıqlayıb. Bu barədə amerikalı lider Floridadan Vaşinqtona gedərkən öz təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.“Madam ki, “TikTok” mövzusuna toxunduq, biz onun işini ABŞ-da qadağan edirik”, - deyə Tramp vurğulayıb.

Məlumata görə, Tramp bunun üçün müvafiq sərəncam imzalaya və ya təcili iqtisadi səlahiyyətlərindən istifadə edə biləcəyini deyib. Məsələni aktuallaşdıran başqa bir məqam isə “Twitter” sosial şəbəkəsinin cərimələnməsidir. Belə ki, “The Wall Street Journal”  nəşrinin məlumatına görə, “Twitter” şirkəti ABŞ Federal Ticarət Komissiyasına 150-250 milyon dollar məbləğində cərimə ödəyə bilər. Buna səbəb kimi şirkətin istifadəçilərin şəxsi məlumatlarından məqsədyönlü reklamlar üçün istifadə etməsi göstərilir. Nəşr qeyd edir ki, “Twitter” 2013-cü ildən 2019-cu ilə qədər müddətdə reklam məqsədilə istifadəçilərin telefon nömrələri və elektron poçt ünvanlarından istifadə edib. 

“Sherg.az” olaraq bu iki  faktı nəzərə alaraq “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə həmsöhbət olduq:

-Sizcə, sosial şəbəkələr üzərindəki təzyiqlər nə ilə bağlıdır?

-Bu tendensiya dünyanın bir çox ölkəsində, həmçinin beynəlxalq təşkilatlarda da var. Əgər onlarda səbəb xarici ölkələrin “fake”ləri ilə mübarizə və koronavirus pandemiyasıdırsa, ABŞ-da vəziyyət bir qədər fərqlidir. Amerikada məhz Tramp hakimiyyətə gələndən media üzərində təzyiq başlandı. O, təkcə sosial şəbəkələri yox, ənənəvi media vasitələrini, o cümlədən televiziyaları, qəzetləri də sıxışdırır, alçaldır və heç bir KİV-i tədbirlərinə dəvət etmir. 

-Səbəb nədir?

-Birincisi, media orqanlarının, o cümlədən sosial şəbəkələrin böyük bir məlumat bankı olmasıdır. Məhz bu səbəbdən sosial platformalar xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir. Bəzən onlar sosial şəbəkədən konkret informasiya istəyirlər. Həmin platforma gizlilik və etibarlılıq naminə sorğunu cavabsız qoyur. Nəticədə sosial şəbəkələr üzərində təzyiqlər başlayır. İkinci səbəb sosial şəbəkələrin əhatəsinin çox geniş olması və ictimai şüura asanlıqla təsir edə bilməsidir. Məsələn “Twitter” bir günün içində ictimai rəyi dəyişə bilər. Məsələyə təsir edən üçüncü məqam isə sosial şəbəkələrdə bir sıra hallarda qeyri-qanuni xəbərlərin tirajlanması, saxta profillərin yaradılmasıdır. İndi hətta elə şərait yaranıb ki, dezinformasiyanı heç texniki cəhətdən də həqiqi informasiyadan ayırmaq olmur. 

-Bəs bunun qarşısını almaq məqsədilə hansı addımlar atılır?

-Müxtəlif məhdudiyyətlər tətbiq olunur. Cərimələrin nəzərdə tutulması, bu platformalarda qeydiyyatdan keçməyin tələb olunması buna ən bariz nümunədir. İndi hamını narahat edən əsas məsələ isə çox zaman  məhdudlaşmalardan sui-istifadə edilməsidir. 

-Azərbaycanda vəziyyət necədir?

-Təxminən eyni. Bizdə də sosial şəbəkələr yerli idarəetməyə tabe olmaq üçün qeydiyyatdan keçirlər. Düzdür, bəzən vətəndaşlarımız Azərbaycanla Avropadakı durumun eyni olmamasından gileylənirlər. Buna səbəb isə yerli icra strukturlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlıdır. İnsanlar çox zaman məsələnin mahiyyətini anlamadan, ikili standartlardan danışmağa başlayırlar. 

-Sözügedən təzyiqlər sosial şəbəkələrin gələcəyinə necə təsir edəcək?

-Bu, ikibaşlı məsələdir. Nə qədər məhdudlaşma tətbiq olunursa, onları həyata keçirmək mexanizmi də bir o qədər çətinləşir. Hətta məhdudlaşmaları aradan qaldırmaq üçün çıxış yolları tapılır. Məsələn girişi qadağan edilən saytlara daxil olma imkanlarının mövcudluğu dediyim faktın sübutudur. Yəni qadağalar çoxaldıqca, onların çıxış yolları da artır. Təsəvvür edin, Çin bu qədər qapalı, mühafizəkar ölkə olmasına rəğmən, yenə də sosial şəbəkələrlə bacarmır. Həm də internetin imkanları da dəyişir axı. Bir müddətdən sonra internet indiki qaydalarla işləməyəcək. 

-Deməli, sosial şəbəkələrin sıradan çıxma ehtimalı yoxdur?

-Bu, hökumətlərə sərf etmir. Əksinə, əksər Avropa dövləti sosial şəbəkələrin imkanlarından istifadə edir.  “Twitter” bir sıra ölkənin idarəetmə sisteminin vacib elementlərindən birinə çevrilib. 

-Elə isə, Tramp və onun kimi başqalarının məqsədi nədir?

-Onlar sosial şəbəkələri bağlamaq niyyətində deyillər. Sadəcə öz şərtləri daxilində, müəyyən çəriçivələrlə məhdudlaşan mühit yaratmağı arzulayırlar. Başqa sözlə desək, istifadiçələri idarə olunan hala gətirmək istəyirlər. Beləliklə, təbii ki, həm də onlara nəzarət edəcəklər. Bəzi ölkələrdə söz və mətbuat azadlığının məhdudlaşdırılması meyillərinin güclənməsi birbaşa olaraq bununla bağlıdır.