Ağlama, toy müğənnisi, ağlama

Şou-biznesə kədər çöküb, çarəsiz-çörəksiz qalıblar

"Bu hal müvəqqətidir. Biz hamımız eyni gündəyik"

"Artıq şou dövrü bitdi!. Əvvəlki kimi olmayacaq! İndidən hərə öz qabiliyyətinə uyğun iş axtarsın"


Karantin rejimi, nəhayət, şou-biznes əhlini dilə gətirdi. Müğənnilər sosial şəbəkədə, instaqram hesablarında ağlaşırlar; toylar dayanıb, nişan mərasimləri, ad günləri yox, restoranlar, əyləncə mərkəzləri qapalı, xınayaxdıya da çağıran yox, hardan pul qazanaq?!
Həqiqətən ağlamalı vəziyyətdir.

Şou-biznesin gəliri, şoudandı, o da ki, yoxdur daha. İnstaqramda nə qədər foto paylaşasan? Gərək məclis ola ki, qalmaqal da yarana, təbii, yaxud süni, gündəmə gələsən, səndən yazalar, xəbər paylaşalar. İndi vəziyyət dəyişib. Müğənnilər kədərli paylaşımlar edir. Çarəsiz - çörəksiz qaldıqlarını bəyan edirlər.   

“Dolana bilmirik!”

Bir neçə müğənni video-müraciət yayaraq karantin rejimi qaydalarının ləğv edilməsi barədə çağırışlar edirlər.
Müğənni Kərim instaqram hesabında həmkarı Səidə Sultanla canlı yayıma çıxıb. Canlı yayım zamanı müğənnilər karantinə görə toyların qadağan olunmasından danışıblar. Kərim bildirib ki, mart, aprel və may ayında bir neçə toyu təxirə düşüb:
"Mart, aprel ayında toylarım var idi, təxirə düşdü. Bir neçəsini may ayına salmışdıq, indi karantin uzandığına görə mayı da təxirə saldıq”. 
Müğənni Niyam Salaminin açıqlaması da sosial şəbəkədə gündəm olub. Sənətçi xüsusi karantin rejiminin uzadılmasına etiraz olaraq video çəkib instaqram səhifəsində paylaşıb. Sərt karantin səbəbindən sosial şəraitinin ağırlaşdığını, dolana bilmədiyini deyən müğənninin fikirləri birmənalı qarşılanmayıb. Onu dəstəkləyənlərlə yanaşı, sərt tənqid atəşinə tutanlar da az deyil.

“Bezmişəm, axırda canıma qəsd edəcəm“ 

Müğənni Nadir Qafarzadə isə canına qəsd etmək həddinə çatıb. Amma toysuzluqdan yox. Sosial şəbəkələrdə ünvanına səslənən tənqidi fikirlərə görə. Xatırladaq ki, bir müddət əvvəl müğənni Nadir Qafarzadəyə istinadən “mənim soyuducum doludu, professorunku boş” fikri yayılmışdı. Müğənni heç yerdə, heç bir vaxt belə ifadə işlətmədiyini desə də, əhəmiyyət verən yoxdur. Nadirə “məxsus” sayıb gen-boluna müzakirə edirlər.  
Müğənni də video-müraciət yayaraq məsələyə aydınlıq gətirib. 

İfaçı bildirib ki, heç vaxt elə söz işlətməyib:

"Bir neçə gündür müşahidə edirəm, susuram, üstümə gəlirsiz. Məndən nə istəyirsiniz? Sizə nə etmişəm? Koronavirusu Azərbaycana gətirmişəm, işsizliyi mən yaratmışam? Nə pisliyimi gördünüz? Hər zaman ehtiyacı olanların yanında olmuşam, bir əlim paylayıb. Deməli, düz etməmişəm. Kimsə yazıb, Nadir deyir professor acdı, mən yox. Niyə soruşmursuz ki, Nadir bunu harada deyib? Sosial şəbəkədəkilər cahildir, savadısızlıq bu ölkədə çoxdur. Mövzu bitdi, keçdiz Nadirə?

Bir neçə gün əvvəl şəhid üçün ağlayıb, bayraq qaldırırdız. İndi nə oldu? Oturun yerinizdə, dərdinizi çəkin. Bir şey olanda keçirsiz kompüter arxasına, başlayırsız Nadiri pisləməyə. Bu pandemiya ərəfəsində mən və həmkarlarım kimlərə əl tutmadı? Yaxşılıq etmək lazım deyilmiş, insan çiy süd əmib. Yaxşı edir bəzi məmurlar sizin haqqınızı, pulunuzu yeyir".

O daha sonra şərh yazaraq tənqidlərdən bezdiyini bildirib: “Bezdim daha. Deyəsən, axırda canıma qəsd edəcəm. Bəlkə də istədikləri budur”.

Şou-biznes əhli niyə çökdü? 

Reallıqdı. Pandemiyadı, karantin rejimidi. Toylar ləğv olunub, kütləvi mərasimlər qadağandır. Restoranlar, əyləncə mərkəzləri, kafe-çay evləri işləmir. Geniş şəkildə nişan, xınayaxdı, gəlin köçdülərə də icazə verilmir.

Başqa izaha nə ehtiyac? Bu mərasimlərin tamamı şou-biznes əhlinin, müğənnilərin, çalğıçıların, rəqqasələrin… iştirakı ilə keçirilirdi. Biznes sektoru indi nəinki durğunluq, birbaşa “stop!” durumundadı. Odur ki, bu sektorda gəlir əldə edənlərin durumu da əlbəttə ki, acınacaqlıdır. 

Azərbaycan şou-biznesinin müflisləşməsinin səbəblərini təkcə pandemiyada axtarmayaq. Ağıllı adamlar gələcəyi planlaşdıranlardır. Söhbət şou-biznes əhlindən gedirsə, özlərini çoxbilmiş hesab edən bəziləri vaxtilə gəlirlərini yalnız şouya xərclədiklərinin fərqinə varmalıdırlar.

Məsələn, müğənnilərimizin çoxu restoran açmışdı, ziyana düşdülər, restoranlar işləmir, gözəllik salonu işlədənlər də vardı, o da ziyandadır, xınayaxdı biznesi qurmuşdular, o da “suya düşdü”. Əksəriyyətin toylardan əlavə gəlirləri məhz iaşə və ticarət sektorunda idi.

  Rəqsanənin gözəllik salonu, Röyanın moda evi, Zamiq, Vasif Məhərrəmlinin geyim dükanı, Xuramanın, Fatimənin xınayaxdı “müəssisəsi”, Niyamın restoranı, kimisinin çay evi, şadlıq sarayı. Sən saydığını say, gör fələk nə sayır, deyirlər. Fələk yaxşı saymadı.

Şou-biznes əhli arasında bir-iki nəfər ağıllı tərpənib. Biri də Murad Dadaşovdur – şirniyyat mağazası var. Həmişə lazımdır. Azəri qızımız Günel də cəld tərpənib. Deyilənə görə, Türkiyədə pizza dükanı var. Aslan Aslanov deyirlər, bal biznesi ilə məşğuldur. Nüşabə Ələsgərli vaxtilə aldığı villanı hansısa şirkətə arendaya verib. Ədalət Şükürovun biznesindən danışmağa lüzum yoxdu.

Onun biznesmen olması, zatən sirr deyil. Müğənnilərimiz həm də ona görə müflisləşib ki, zamanında xarici avtomobil, villaları kreditlə əldə ediblər. İndi kredit borcunu ödəyə bilmirlər. Yəni, bu insanların başqa məşğuliyyəti, bacarığı, peşəsi yoxdurmu? Kimsə yazmışdı, Nadir Qafarzadə söhbətində; müğənninin cibi bir gün boşala bilər, alimin başı isə həmişə dolu qalacaq.  O gün, məhz bu gündür.          

Vaqif Mustafayev müğənnilərə çağırış etdi 
        
Gör işin harasıdır ki, “Space” telekanalının prezidenti, kinorejissor-senarist, Xalq artisti Vaqif Mustafayev də müğənniləri səbirli olmağa çağırıb:   
“Bu, dözüm və iradə sınağıdır. Biz gərək buna dözək. Mən özüm də taxta-şalban biznesi ilə məşğul olmuram”.

Bu sözləri kinorejissor Vaqif Mustafayev bildirib. O əlavə edib ki, kino adamı olduğu üçün özü də indiki vəziyyətdən əziyyət çəkir:

“Kinolar da çəkilmir və mən kino çəkmirəm, musiqiçi də toya getmir. Bu hal müvəqqətidir. Biz hamımız eyni gündəyik. Burada söhbət millətin sağ qalıb-qalmaması, nə dərəcədə zərər almasından gedir. Toy əhli, musiqiçilər də özlərini ziyalı hesab etməlidir. Əgər onlar özlərini Azərbaycan ziyalısı hesab edirlərsə, toysuz qalmaqlarını deməsinlər. Bir az kəmərlərini bərk bağlasınlar və xalqı başa salsınlar. Çünki o ziyalıdır axı. Mən elə başa düşürəm”.

“İndidən başlarının çarəsinə baxsınlar”

Sosioloq-alim Əhməd Qəşəmoğlu müğənnilərin, konkret Niyam Salaminin səsləndirdiyi fikirlərin məntiqi əsası olmadığını bildirib. “Şərq.az”a açıqlamasında alim deyib: 

“Kimdən, nə tələb edir? Sabah icazə versinlər toy olsun? Müğənnilərin əsas dərdi odur ki, toy yoxdur, pul gəlmir. Fərz edək ki, həlledici insanlar bizik. Neyləyək? Toylara icazə verək? Mən karantinin uzadılmasının tərəfdarı deyiləm. Amma ölkədə ictimai qınaq mexanizmi yaradılmalıdır. Qaydalara əməl etməyənlər üçün maarifləndirmə işləri aparılmalıdır.

Ona görə ki, insan ehtiyat edib, küçəyə maskasız çıxıb, kiminləsə qucaqlaşıb, öpüşə bilməsin. O cəhətdən karantin uzanmasın, çünki çox problem ortaya çıxa bilər. Deyək ki, müğənnilərə qulaq asdıq. Lap toya icazə versinlər. Şəxsən mən ən yaxın adamım çağırsa da, toya getmərəm. Yəni əksəriyyət belə edər. Bunların tələb etdikləri absurddur, mənasızdır”.

Ə.Qəşəmoğlu hələ aylar öncəsindən verdiyi müsahibələrdə sənət əhlinə xəbərdarlıq etdiyini də vurğulayıb:

“Dedim ki, xanəndələr, müğənnilər, musiqiçilər bilməlidir:

“Artıq şou dövrü bitdi!. Əvvəlki kimi olmayacaq! İndidən hərə öz qabiliyyətinə uyğun iş axtarsın. Kimisi ağıllıdır “Youtube”də kanal açıb, ordan pul qazanır.

Bəziləri kolleclərdə, universitetlərdə musiqi müəllimi işləyir. Eləsi də var bizneslə məşğuldur. Amma şou-biznes əhli xəyallarla yaşayır. Fikirləşilər ki, Mirzə Cəlilin təbirincə desək: “Bəlkə də qaytardılar”. 

Amma olmayacaq, qayıtmayacaq. Azərbaycanda həmin şou dövrü bitdi!.
Ona görə hamı indidən başına çarə qılsın. Yoxsa camaatı nəyə səsləyirsən?
İnsan çağırış etməzdən öncə düşünməlidir”.