İntellektual idarəçiliyin intellektsiz nəticəsi

Ya metronu açın, ya da ekspress avtobusların marşrut xəttini azaldın

"Görünən budur ki, yaranmış vəziyyətdən çıxış yolları tapa bilmirlər"


Metronun qapalı saxlanması bütün ictimai nəqliyyatı iflic duruma salıb. Sərt karantin rejimi tətbiq edilməyə başlanandan avtobuslardakı basabas, sıxlıqdan dəfələrlə yazılıb, əhalinin narazılığı gündəmə gətirilib. Amma Operativ Qərargah üzvləri baş verənləri görməzdən gəlməkdə israrçıdır. OQ-nin brifinqlərində ictimai nəqliyyatdakı problemlərlə bağlı səslənən suallara da yayındırıcı cavablar verilir. Müzakirə olunur, həll etməyə çalışacağıq və sair. Xalq artisti Arif Quliyevin məşhur səhnəciyində deyildiyi kimi “müəllim, bileti bilmirəm, ətrafında danışıram”. Metropolitenin fəaliyyətinin dayandırlımasına əsas səbəb kimi qapalı, süni ventilyasiya sistemi işləyən məkanda yoluxma riskinin böyük olması göstərilir.


Aylardır, sosial şəbəkədə avtobuslardakı sıxlıq, karantin qaydalarının ən əsas tələblərindən olan sosial məsafənin gözlənilməsi şərtinin qeyri-mümkünlüyünü, sərnişinlərin az qala “bir-birinin belində” getdiyini əks etdirən fotolar yayılır.

Amma, faydasız. İctimai nəqliyyatdakı problemlər həllini tapmır. Metroəvəzi ekspres avtobuslarsa, ayrıca bir dəhşətdir. Xüsusilə pik saatlarda bu avtobuslardakı vəziyyətin hansı dərəcədə ağır olduğunu anlamaq üçün Operativ Qərargah üzvlərinin bir gün səhər-axşam həmin avtobuslardan istifadə etməsi lazımdır. Başlanğıc-son dayanacaq məsafəsinin uzunluğu bu avtobusları lap dözülməz edir.

Bəli, deyilə bilər ki, metronun Həzi Aslanov – Dərnəgül xətti hardasa 50 dəqiqə - 1 saata yaxındı. Amma o metrodu! Sürət var. Həm də Bakı Nəqliyyat Agentliyinin nəqliyyatı intellektual idarə etməli olan əməkdaşları niyə düşünməyib ki, Həzi  Aslanov – Dərnəgül xəttində “Sahil”, “İçərişəhər” stansiyalarını da “ziyarət etmir”. “28 May” sadəcə, kəsişmə nöqtəsi olduğundan qatar bu stansiyaya daxil olur.

Olmazmı ki, BNA metroəvəzi avtobusların marşrutunu optimallaşdırsın və xətlərin uzunluğunu mümkün qədər qısaltsın? M2 saylı ekspres avtobusun bütün şəhərin başına dolanmasından başqa variant yoxdurmu?

M2 avtobusu “Gənclik”dən “28 May”a, oradan “Sahil”ə, ordan da “İçərişəhər” metrostansiyasına hərəkət etməklə böyük vaxt itirir. Sərnişinlər sıxılır, sözsüz. Sürücüləri də düşünmək lazımdır. Biçarə sürücülər bir dövrəni 2 saata başa vurur.

Bu qədər vaxta adamlar Bakıdan Kürdəmirə çatır. BNA rəsmiləri düşünə bilmirsə, təklif verək; M2 avtobusu “Gənclik” metrostansiyasından “Azadlıq” prospektinə, oradan sağa dönərək “Füzuli” küçəsinə, sonra da Zivər bəy Əhmədbəyov küçəsinə çıxmaqla qısa zamanda “Nizami” metrostansiyasına çata bilər, bizcə. “20 Yanvar”da qayıdanda isə “İçərişəhər”, “Sahil”, “28 May”ı “ziyarət etmək” məcburiyyəti olmasa, sərnişinləri “Sovetski” parkını eninə-uzununa dolanmaq əzabından xilas edib “Nizami”yə çıxa, oradan da “Gəncliy”ə üz tuta bilər. “Sahil”, “İçərişəhər” metrostansiyaları üçünsə, daha tez ünvana çatacaq başqa ekspres marşrut müəyyənləşdirmək və xəttə əlavə avtobuslar buraxmaq olar. Bundan başqa, M1, M2 avtobuslarının heç də bütün stansiyaları əhatə etmədiyi də məlum olub.

“Xalqlar Dostluğu” metrostansiyasından “Nəsimi” istiqamətində avtobus işləmir. Ora getməli olan sərnişin məcburdur, 2-3 marşrut dəyişsin. Bu isə ailə büdcəsinə zərbədir. Bunu da BNA düşünməli idi. Qısası, karantin və pandemiya sonrası hansı qərarların səhv, hansının doğru olduğu bilinəcək. Səhv qərarların daha çox olacağını təxmin edilə bilər. Bəs ekspert nə düşünür? İctimai nəqliyyatdakı problemin həll yolu varmı? 

İctimai xadim Azər Allahverənov “Şərq”ə açıqlamasında qeyd etdi ki, vətəndaşlardan daxil olan narazılıqları müxtəlif resurslar vasitəsilə aidiyyəti orqanlara  çatdırmağa çalışırlar, lakin həll məsələsi təəssüf ki, gecikir: 

- İctimai nəqliyyatdan narazılıqda əhali haqlıdır. İctimai nəqliyyatdakı sıxlıq sosial məsafənin gözlənilməsini faktiki mümkünsüz edir. Avtobuslararası interval böyükdür. Avtobus qıtlığı var. Əlavə avtobuslar xəttə buraxıldı, lakin bu da vəziyyəti müsbətə doğru dəyişə bilmədi. Elə bir zaman deyil ki, 1000-2000 ədəd yeni avtobus alınsın.

Bu, planlaşdırılmamış olar və nəticədə qüsurlara yol verilər. Nəqliyyat sektoruna cavabdeh qurumların malik olduğu resurslar təəssüf ki, ictimai nəqliyyatdakı problemləri aradan qaldırmağa imkan vermir.

Bir neçə qurum var ki, bu məsələyə cavabdehdirlər, qurumların nəzdində komissiyalar, işçi qruplar fəaliyyət göstərir (əslində göstərməlidir – A.A.), amma görünən budur ki, yaranmış vəziyyətdən çıxış yolları tapa bilmirlər. Bu qurumlar birgə müzakirələr aparmalı, vəziyyəti düzgün dəyərləndirməli və optimal çıxış yolları tapmalıdırlar. Biz ictimai həyatda üzləşdiyimiz problemləri dilə gətiririk.

Mən də ictimai nəqliyyatdan istifadə edirəm, siz də və hər gün bu problemləri görürük. Amma cavabdeh strukturlar problemləri həll etməyə nə dərəcədə hazır və qadirdilər, bu artıq ayrıca mövzudur. Əsas məsələ prosesin operativ idarə olunmasıdır, amma ictimai nəqliyyat sektorunda bu, çox çətindir. Bütün problemlər metronun dayanması ilə bağlıdır.

Metro niyə işləmir? Deyirlər, risk faktoru böyükdür. Amma görürük ki, ekspres avtobuslarda, həmçinin digər marşrut xətlərində də günün müəyyən saatlarında, metroda olduğu kimi sıxlıq yaşanır. Deməli, risklər bölünüb. İşçi Qrup metronun fəaliyyəti ilə bağlı durumu ciddi araşdırmalıdır və konkret nəticə ortaya qoymalıdırlar ki, metropoliten hansı şərtlər daxilində işləyə bilər, metronun açılması hansı halda mümkündür. Buna uyğun da növbəti addımlar atılmalıdır. Bu gedişlə əhalinin ictimai nəqliyyatdan narazılığı getdikcə daha da artacaq və yoluxma riski də aşağı düşməyəcək. 

A.Allahverənov sərnişinlərin ictimai nəqliyyatda maddi vəsait sərfi məsələsinə də toxundu: 

-  Mən zamanında təklif etmişdim ki, ictimai nəqliyyatda abonent sisteminə keçilsin. Rusiyada bu var, Türkiyədə var. İctimai nəqliyyatdan daim istifadə edən sərnişinlər abonent sisteminə keçir, kartlarına aylıq gedişlər yüklənir, müəyyən limit qoyulur, bunun hesabına sərnişinlər gediş haqqında üstünlük əldə edirlər. Əlbəttə, kart sistemi ilə gün ərzində bir neçə avtobusdan istifadə etmək böyük maliyyə məsrəfinə gətirib çıxarır. Sərnişinlər də haqlı narazılıq edirlər. 

A.Allahverənov qeyd etdi ki, sosial sahələr üzrə beyin mərkəzləri işləməli, verilən qərarların məntiqi nəticələrini əvvəlcədən proqnozlaşdırmalıdırlar. O zaman belə problemlər yaranmaz. Ya da problemlər qısa zamanda həllini tapar.