DanışMIR MOSKVA!

Ermənistan Rusiyadan gələn informasiya dalğasının qarşısını aldı

Payız aylarından başlayaraq Kreml Paşinyan hakimiyyətinə böyük təzyiqlər göstərəcək


Rusiya və Ermənistan arasındakı gərginlik günbəgün artır. Daha doğrusu, tərəflərin münasibətlərində yeni ixtilaf mövzusu meydana gəlib.
Rusiya telekanallarının Ermənistan ərazisində yayımını faktiki qadağan edən yeni qanun layihəsi bu xüsusda ikitərəfli münasibətlər üçün növbəti, ciddi bir testə çevrilib. 

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan ölkədə xarici televiziya kanallarının, o cümlədən Rusiya kanallarının yayımını məhdudlaşdıran qanunu imzalayıb. Ermənistan prezidentinin imzaladığı “Audiovizual media haqqında" qanun xarici, həmçinin Rusiya televiziya kanallarının ictimai multipleksdə yayımlanmasını məhdudlaşdırır. Qərar 10 gün sonra qüvvəyə minəcək.

Əslində, məsələ bütövlükdə Nikol Paşinyan hökumətinin antirusiya mahiyyəti ilə bağlıdır. Yəni baş nazirin özü zaman-zaman bu kimi məsələləri cəmiyyətin diqqətinə çatdırır ki, ictimai rəyi Moskvanın əleyhinə dəyişsin, hətta imkan daxilində Kremlə qarşı aqressiv əhval-ruhiyyə də formalaşdırsın. Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması və ya məhdudlaşdırılması haqqında verilən qərar da bir növ hökumət dəhlizlərindəki ab-havadan xəbər verir.

Rusiya kanallarının digər xarici kanallarla bərabər tutulmasına  Kremlin  reaksiyası maraq doğurur.
BDU-nun Jurnalistika fakültəsinin professoru, telejurnalist Qulu Məhərrəmlinin dəyərləndirməsinə görə, Ermənistan hökumətinin qəbul etdiyi bu qərar informasiya siyasətindən daha çox siyasi xarakter daşıyır. 

Analoji addımı Azərbaycanın 5-6 il əvvəl atdığını vurğulayan professor hesab edir ki, gec də olsa Ermənistan prezidentinin bu qanunu imzalaması  artıq onların da informasiya təhlükəsizliyi haqqında düşünməsindən xəbər verir:

"Sözsüz ki, bu qərarın təsdiqlənməsinə zəmin yaradan əsas səbəb Azərbaycanın dövlət sərhədində törədilən təxribat zamanı Rusiya telekanallarının Ermənistanın yeritdiyi siyasət  və Paşinyan əleyhinə səsləndirdiyi fikirlər oldu. Demək olar ki, ermənipərəst mövqeyi ilə tanınan bütün telekanallar sərhəd toqquşmasına görə Ermənistanı günahlandırdılar və Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Bu isə Ermənistan üçün çox ciddi və gözlənilməyən informasiya zərbəsi idi.

Hər zaman Ermənistanın mövqeyini işıqlandıran telekanalların birdən-birə onların əleyhinə çıxışlar yayımlaması ölkədə ciddi təhdid yaradıb. İnformasiya təhlükəsizliyi baxımından Ermənistan hakimiyyətinin ölkənin informasiya məkanını Rusiyadan qoruması çox ciddi və  müsbət hadisədir. Hər bir ölkə özünün informasiya  siyasətini xarici təsirlərdən qorumalıdır.  İctimai rəyə təsir edən xarici telekanalların ölkə ərazisində  yayımlanmasına   məhdudiyyət qoymalıdır".  

Q.Məhərrəmlinin sözlərinə görə, ölkənin media siyasətində Rusiya ilə münasibətlərdə müəyyən çatların yaranmasını əks etdirən qərarların verilməsi Paşinyan hakimiyyətinin çox yaxında üzləşəcəyi problemlərdən xəbər verir:

"Onsuz da Rusiya rəhbərliyinin Paşinyanla bağlı konkret planlarının olduğu artıq dünya ictimaiyyətinə bəllidir. Beynəlxalq Konvensiyalar səbəbindən Rusiya sözügedən qərarla bağlı Ermənistana ciddi irad bildirməyəcək. Beynəlxalq hüquqa görə,  xarici telekanalların yayımı qarşılıqlı razılaşma əsasında həyata keçirilməlidir. Bu addım hər nə qədər Rusiya siyasilərinin ürəyincə olmasa da, diplomatik səviyyəli irad gözlənilən deyil".     

Professor deyib ki,  Rusiya kanallarının yayımını məhdudlaşdıran qanunun qəbulu Ermənistan ictimaiyyəti üçün müsbət addımdır: "Nəhayət ki, onlar  sərbəst düşünmək azadlığı əldə edəcəklər.

Rusiya telekanalları vasitəsilə daim erməni ictimaiyyətinə  işğalçılıq siyasəti və militarist ruh aşılanırdı. Bundan sonra isə ermənilərin reallıq haqqında düşünmək imkanları olacaq". 

Politoloq Məhəmməd Əsədullazadə  də  hesab edir ki, Ermənistan parlamentinin xarici televiziyaların ölkə daxilində yayımı ilə bağlı qəbul etdiyi qanun əsasən Rusiyanın telekanallarının yayımına məhdudiyyət qoymaqdır:

"Baş nazir Nikol Paşinyanın burada əsas siyasəti ölkəsində Rusiyanın siyasi təsirlərini azaltmaqdan ibarətdir.  Rusiyanın Ermənistan parlamentinin bu qərarına kəskin reaksiya verəcəyini istisna etmirəm.

Çünki bu forpost Ermənistanın siyasi cəhətdən Rusiyanın orbitindən uzaqlaşması demək olacaq. Paşinyan Rusiya ilə bu kimi toqquşmalara getməklə, çalışır ki, Moskva reallığı qəbul etsin.

Amma payız aylarından başlayaraq Rusiyanın Ermənistan rəhbərliyinə təzyiqlər etməsi gözlənilir. Rusiyada Paşinyan arzuolunmaz şəxsdi və o, Rusiya-Ermənistan əlaqələrinin düşməni kimi qəbul olunur.

Bu baxımdan  Rusiya TV-lərinin Ermənistanda yayımına məhdudiyyət İrəvanın istədiyi siyasi düzəni qurmasına gətirib çıxarmayacaq".