Ən optimal yol: “Uşaq pulu ehtiyacı olan ailələrə verilsin !”

“Elə ailələr var ki, orada bir uşaq olur. Validyenlərin hər ikisi işləyir və uşaq puluna ehtiyacları yoxdur”

“Aztəminatlı ailələrə hər uşaq üçün ən azı 100 manat verilməlidir”


Ölkəmizdə uşaq pulu məsələsi yenidən gündəmə gəlib. Millət vəkili Tahir Kərimli Parlamentdə çıxışı zamanı bildirib ki, ən kasıb ölkələrdə belə uşaq pulu verilir. Deputat qeyd edib ki, pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. Uşaq pulu isə strateji məsələdir:
“600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. Uşaq pulu verilsəydi, daha yaxşı olardı. Pensiya qocalar üçün sığorta puludur, uşaq pulu isə uşaqlar, ailələr üçün sığorta pulu olardı: 

“Nazirimiz deyir ki, buna 2,5 milyarddan artıq pul lazımdır. Sosial müavinət məsələsini saxlamaq mümkündürsə, saxlayaq. Saxlamaq mümkün deyilsə, bunu ləğv edək, yerinə uşaq pulu verək. Bu sosial müavinət 15-20 faizin xeyrinədir. Uşaq pulu Qarabağ məsələsi kimi vacib bir məsələdir. Gedib sorğu keçirsək, əhalinin 100 faizi uşaq pulunu istəyir. 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq. Bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir. Valyuta ehtiyatımız var, onun ildə 1 milyardını bunun üçün ayıraq. Populistik etmirik. Bu yaşımızdan sonra özümüzü kimə göstəririk?”



Deputatın təklifini "Sherg.az”a dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından uşaq pulunun bərpa olunması və verilməsi təbii ki, müsbət addım ola bilər. Ekspertin qənaətincə, uşaq pulu bərabərlik prinsipinə uyğun olmalı deyil. Yəni hamıya az məbləğ verməkdənsə, ehtiyacı olan ailələrə daha çox məbləğin verilməsi məqsədəuyğundur:

“Elə ailələr var ki, orada bir uşaq olur. Validyenlərin hər ikisi işləyir və uşaq puluna ehtiyacları yoxdur. Onları bu yardımdan kənarda qoyub daha aztəminatlı ailələrə yüksək məbləğdə vəsaitin ayrılması məntiqli olar.

Çünki ölkədə 18 yaşına qədər olan uşaqların sayı təxminən 3 milyona yaxındır. Uşaqların hamısına 40-50 manat vermək yaxşı hal deyil. Çünki, bu, həm dövlət büdcəsinə böyük yük olacaq, həm də effekt verməyəcək”. 

İqtisadçı vurğulayıb ki, sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrə hər uşaq üçün ən azı 100 manat verilməlidir:

“Bu məbləğ həmin ailələrin dolanması və uşaqların normal keyfiyyətli təhsil, yemək imkanları üçün uğurlu addım ola bilər. Ona görə də hər kəsə bərabər bölüşdürməkdənsə, müəyyən kateqoriyalara üstünlük verilməsi ən optimal yoldur”.