“Əhalinin sağlamlığı, rifahı və məşğulluğu prioritet məsələdir”

“Bu istiqamətdə verilən qərarlar ölkə ictimaiyyəti və cəmiyyətdə  razılıqla qarşılanır”

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir.

 Əhalinin məşğulluq imkanlarının artırılması məqsədi ilə dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. Birdəfəlik ödəmə proqramı çərçivəsində  işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub və bu  proqramının əhatə dairəsi 600 min şəxsi əhatə edib.



Pandemiya ilə əlaqədar məşğulluğun və sosial rifahın  dəstəklənməsi sahəsində  görülən işləri müsbət dəyərləndirən millət vəkili Sədaqət Vəliyeva "Sherg.az"a açıqlamasında  dövlət başçısının birbaşa  nəzarəti ilə həyata keçirilən  sosial müdafiə tədbirlərinin  vətəndaşlar arasında da böyük rəğbət doğurduğunu deyib. Dünyanın ən inkişaf etmiş dövlətlərinin  belə koronavirus pandemiyasının yaratdığı çətinliklər qarşısında aciz qaldığını vurğulayan xanım millət vəkili  son altı ay ərzində Azərbaycanda  məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparıldığını deyib: 

" Bu cür çətin bir şəraitdə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar bir daha dövlətin öz vətəndaşlarının yanında olduğunu isbatlayır". 

Məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində ölkəmizdə   görülən işləri, genişmiqyaslı sosial dəstək tədbirlərini bir çox ölkələr üçün nümunə  kimi dəyərləndirən S. Vəliyeva qeyd edib ki, pandemiya başlanandan Prezident İlham Əliyevin prioritet tədbirləri sırasında ilk olaraq əhalinin sağlamlığı, rifahı və məşğulluğu dayanır:

“Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb və məşğulluğa, sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb. Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb.

Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilib, bununla yanaşı özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb.

Həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığının təmin edilməsi bir daha dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir.

Bununla da 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı isə 751,3 minə çatıb”.

Millət vəkilinin sözlərinə görə, artıq  dövlət başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər artıq  özünün müsbət  nəticələrini göstərir.

Məhz bu səbəbdən də cənab Prezidentin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi bütün qərarlar  ölkə ictimaiyyəti və ümumilikdə  cəmiyyətdə  razılıqla qarşılanır.