Nəzəriyyə, yoxsa təcrübə ?! - Jurnalistikamız qlobal çağırışlarla ayaqlaşa bilmir – ÜZ-ÜZƏ !


Hikmət Babaoğlu: “Jurnalistikada yeni ixtisaslaşma getməli, yeni dərslik, dərs vəsaiti, tədris proqramı və s. hazırlanmalıdır”

Natəvan Dəmirçioğlu: “Bəzi sayt rəhbərləri sosial şəbəkələrdə eşələnirlər. Halbuki onlar sosial şəbəkə arxasınca sürünməli deyil”


Jurnalistika nəzəriyyəçiləri və baş redaktorlar müxtəlif istiqamətlərdən eyni mərkəzə doğru hərəkət edən qüvvələrə bənzəyirlər. Məqsəd fərqli olmasa da, bəzi hallarda tərəflər arasında fikir ayrılıqları meydana çıxır. Adətən birincilər jurnalistikada nəzəriyyənin, ikincilər isə təcrübənin vacib olduğunu iddia edirlər. Odur ki, məsələnin aktuallığını nəzərə alaraq, rubrikamızı davam etdiririk. Fərqli qütblərin ən uğurlu simalarından olan qələm sahibləri bu dəfə öz fikirlərini bölüşüb, çatışmazlıqlardan, milli mətbuatımızın inkişafını sürətləndirən məqamlardan danışıblar: 

“Jurnalistika bu gün sadəcə jurnalistika deyil, həm də idarəetmədir, dərketmədir, silahdır...”

Hikmət Babaoğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru: 

“Hazırda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində tədris proqramına xeyli dəyişiklər edilib və bunları mütərəqqi hesab etmək olar. Eyni zamanda qəbulda bu ixtisas üzrə xüsusi müsabiqənin keçirilməsi də təqdir edilməlidir. Ancaq hazırki informasiya cəmiyyətlərində, əlbəttə, jurnalistikada belə məhdud tətbiqlərlə yeni keyfiyyət mərhələsi yaratmaq olmaz.

Biz informasiyanın diqtə etdiyi, hakim olduğu bir tarixi mərhələdə yaşayırıq. İnformasiyaya institusional forma verilməklə o real idarəetmə mezanizminə çevirilb, şaquli və üfüqi xətlər üzrə cəmiyyətin hər bir üzvünün idraki keyfiyyətlərinə, sosial davranışlarına, dərketmə qabiliyyətinə, ətraf mühitlə münasibətlərinə və, nəhayət, sosial varlq kimi şəxsiyyət keyfiyyətlərinə o qədər güclü təsir edir ki , insanı düşünən , ağıllı varlıq-homosapiens olmaqdan çıxararaq onu yalnız və yalnız informasiya ilə idarə edilən - homoinformatikus  varlığa çevirir.

Ona görə də bu gün informasiya ilə insanın ünsiyyəti dilemmatik müstəviyə qalxıb .Ya insan informasiyanı idarə edib onu öz maraqlarına tabe edəcək, ya da ki, informasiya insanları idarə edərək onu xaosa sürükləyəcək. Ancaq hələ bu da məsələnin hamısı deyil . Əsas məsələ odur ki , informasiya dediyimiz yumşaq gücün özü də dominant mərkəzlər tərəfindən istehsal edilir və idarə olunur . Belə olduqda qlobal informasiya məkanının kimlər tərəfindən , hansı məqsədlə və necə idarə olduğu da ayrıca bir problematikaya çevirilir.

Bu isə milli informasiya məkanı və resursları üzərində qlobal informasiya resurslarının təzyiqini hər gün bir az daha da artırır. Bax, belə vəziyyətdə jurnalist ola bilmək , informasiyanı milli maraqlar kontekstində qiymətləndirə bilmək , onu obyektiv əsaslarda heç olmasa, dərk edə bilmək olduqca çətin bir məsələyə çevirilir. Belə vəziyyət isə milli jurnalistikamız qarşısında yeni vəzifələr qoymaqla yeni çağırışlar yaradır.

Ona görə də biz jurnalistikanın klassik prinsipləri və funksiyalarından kənara çıxmağı bacarmalı, onu universal yumşaq güc vasitəsi kimi qavramalıyıq. Mən bu mövzuda hələ 2013-cü ildə  “İnfoimperializm və Media” adlı monoqrafiya yazdım və yeni jurnalistikanı necə gördüyümü, hansı ənənə, prinsip və funksiyalar daşımalı olduğunu həmin kitabda yazdım.

Çox təəssüf k , nə elmi dairələr, nə də media institutlarımız elə davrandılar ki, elə bil, heç belə bir aktual mövzu ilə bağlı tamamilə yeni paradiqmalara söykənən monoqrafiya yazılmayıb. Ona görə də çox istərdim, bu kitab dərs vəsaiti kimi jurnalistika fakültələrində tədris edilsin. Təkcə onu deyim ki, monoqrafiyada 10 – dan çox yeni termin işlətdim və bunların hamısını Əqli Mülkiyyət Agentliyinə təqdim edərək lisenziyalaşdırdım . Agentlikdə mənə bildirdilər ki, bu, ötən əsrin 50-ci illərindən sonra sosial-siyasi elmlər üzrə olduqca nadir halda rast gəlinən termin yaradıcılığıdır.

Ona görə də jurnalistika bu gün sadəcə jurnalistika deyil, həm də idarəetmədir, dərketmədir, silahdır, manipuliyasiya vasitəsidir, yumşaq gücdür, subliminal mesaj vasitəsidir, müharibə vasitəsidir, insanların sosial kimliyini və ictimai şüuru formalaşdıran effektiv alətdir və s. Bütün bu istiqamətlər üzrə jurnalistikada yeni ixtisaslaşma getməli, yeni dərslik, dərs vəsaiti, tədris proqramı və s. hazırlanmalıdır ki, milli jurnalistikamız qlobal çağırışlarla ayaqlaşa bilsin”. 

"Qəzet həm bu günün, həm də sabahın işidir. Sayt isə ancaq bu gün üçündür"

Natəvan Dəmirçioğlu, BDU-nun Jurnalistika fakültəsinin müəllimi:

“İlk növbədə onu da deyim ki, bütün baş redaktorları, KİV rəhbərlərini təbrik və təqdir edirəm. Çünki bu mərama qədər çatıblarsa, deməli, hardasa layiqdirlər. Amma, təbii ki, çatışmazlıqlar da var. Başlayaq televiziyalardan. Mən bir mütəxəssis kimi deyə bilərəm ki, hər kanalın ayrıca proqram siyasəti olmalıdır. Həmin proqram siyasətində isə kanalın fərdi təqdimatı, üslubu, hədəf nöqtələri ehtiva olunur. Kanal rəhbəri olsam, heç vaxt başqa televiziyada yayımlanan proqramın eynisinin efirə getməsinə yol verməzdim.

Eyni verilişin iki kanalda yayımı heç kimə baş ucalığı gətirmir. Həmçinin kanalın simasını öz daxili potensialımız hesabına formalaşdırardım. Başqa kanaldan əməkdaş gətirməz, əksinə,  tələbələrin, gənclərin yetişməyinə imkan yaradardım. Yalnız respublika səviyyəli aparıcını, jurnalisti daha yaxşı şərtlər daxilində kanalıma dəvət edərdim.

Onu da deyim ki, televiziya kanalları fərqli olmalıdır. Auditoriya hər kanalda eyni mənzərəni görməli deyil. Daha dəqiq desəm, tamaşaçının axtardığını tapdığı bir kanal olmalıdır. Sayt rəhbərlərinin bəziləri bir az kobud şəkildə desək, sosial şəbəkələrdə eşələnirlər. Başa düşürəm, bu, sosial diktədir.

Amma saytlar sosial şəbəkə arxasınca sürünməli deyil. Bunun yolu isə mühiti tanımaqdır. Jurnalist hansı sahədə kimlərin ekspert olduğunu bilməlidir. Ikinci problem isə manşet məsələsidir- başlıqlardadır. Cəlbedici sərlövhələr bizə Avropa jurnalistikasından gəlib. Lakin çox vaxt başlıqla məzmun üst-üstə düşmür. Bu isə oxucuya hörmətsizlikdir və belə yolla qazanılan pul halal deyil. Saytların bir-birini kopyalaması da heç kimə sirr deyil. Anlayıram, bunu operativlik tələb edir. Fəqət, heç olmasa, yüngül redaktələr aparılmalıdır.

Qəzet isə ənənəvi mediadır. Biz buna klassik jurnalistika da deyirik. Elektron media onun ən güclü rəqibidir. "Online" jurnalistika interaktivdir, mütəhərrikdir, mobildir. Yazılı jurnalistikanı sıradan çıxartmaq istəyir. Amma bunu bacarmır.

Niyə? Çünki yazılı media tarixdir. Biz bilirik ki, informatorluğun, xəbərçiliyin  beş əsas mərhələsi var: İnformasiyanın aşkar edilməsi, alınması, emal edilməsi, ötürülməsi və konservasiya edilməsi. Baxin bu sonuncu mərhələni qəzet kimi unikal şəkildə heç bir media qurumu həyata keçirə bilmir. Hətta vizual və virtual KİV olaraq TV və radio bu prosesdə elektron-onlayn jurnalistikadan daha imkanlıdır.

Onun arxivi var. Baxmayaraq ki, bu texniki məsələlərə bağlı olduğu üçün yenə tam etibarlı deyil. Qəzet isə “Yazıya pozu yoxdur” hikmətinə adekvat olaraq tam təhlükəsiz arxivdir.  Çap mətbutanın ən əsas üstünlüyü  tarix olmasıdır. Mən qəzet redaktoru olsam, söylədiyim məqamı əsas götürərək işləyərdim.

Qəzet öz dövrünün simasıdır. Gələcəyin insanı bu günkü qəzeti oxuyanda illər əvvəlki siyasi mənzərəni, sosial-iqtisadi, mədəni-kultural  həyatı görməlidir.  Odur ki, qəzetçilik həm bu günün, həm də sabahın işidir. Sayt isə ancaq bu gün üçün nəzərdə tutulub”.