Sanksiyaya arzusunda olanlar: Bu, nəinki siyasi əxlaqa ziddi, buna düşmən sevinər


“İndi Avropa Birliyinin kuluarlarında ən çox müzakirə olunan məsələlərdən biri Azərbaycana qarşı sanksiyalar tələbidir. Amma əminəm ki, ABŞ bu istiqamətdə Brüsseldən də zirək tərpənəcək, ilk addımı o atacaq”. Gültəkin Hacıbəyli deyir bunu. Daha doğrusu FACEBOOK səhifəsində paylaşıb. Bir qədər əvvəl isə o məşhur “zoom konfrans”da elə beləcə pandemiyanın, karantin müddətinin uzanmasının sevincini yaşayırdı bu xanım.

Biləsiniz, dünyanın heç bir ölkəsində, heç bir siyasi qüvvə öz xalqının pis vəziyyətinə sevinib, bunun üzərində siyasət qurmur. Artıq neçənci dəfədir ki, biz Milli Şuranın ictimailəşən iclaslarında xalqı aşağılayan, onu ələ salan və ən nəhayət millətin çətin iqtisadi vəziyyətə düşməsini sevinclə qarşılayan fikirlərin səsləndiyinin şahidi oluruq. İndi də Azərbaycana qarşı sanksiyalara sevincəklidirlər.

Demokrat adı altında gizlənən bu adamlar, əslində demokratiyadan uzaq biriləridirlər. Sual oluna bilər, siz nəyə, kimə xidmət edirsiz? Necə birisi olasan ki, sənin dövlətinə sanksiya tətbiq edilməsinə sevinəsən?

Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən bu adamlara Azərbaycan xalqı öz yerini çoxdan göstərib.

Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Gültəkin Hacıbəyli öz ailəsinə zərər vermiş kəsdir, belə bir adamın cəmiyyətə nə xeyri olacaqdır ki?!

Xanım Hacıbəyli, onun təmsil olunduğu Milli Şura - bunlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər.
Bunların missiyası, hansı maraqlara xidmət etməsi hər kəsə bəllidir. Dövlətçilik maraqlarına zərbə, milli maraqlara xəyanət fəaliyyətlərinin əsas qayəsini təşkil edir
Öz dövlətinin, xalqının, millətinin, vətəndaşının güzəranının pisləşməsinə sevinən, ondan öz mənfur siyasi məqsədləri üçün istifadə etməyə çalışan bir qrup, bizi ağ günə çıxaracaq?


Müxalifət o siyasi qüvvəyə deyirlər ki, o hakimiyyətə gəlməyi qarşısına məqsəd kimi qoyur. Allah eləməmiş bunlar hakimiyyətə gəlsələr, ölkə nə günə düşər? Bunlar xalqın sıxıntılarına, daha çox əzab çəkməsinə, Azərbaycana sanksiyaların tətbiqinə sevinirsə, bunun adı xəyanətdən da o yanadır. Bunlar xalqın məhvi üzərindən olsa belə hakimiyyətə gəlməyi, öz istəklərinin həyata keçməsini tam məqbul sayırlar. Fikrimizcə, bu qüvvələr ümumiyyətlə Azərbaycan siyasi səhnəsindən tam təcrid olunmalıdır.

Milli Şura sədri Cəmil Həsənli yazır: “Gültəkin Hacıbəyli Milli Şuranın əsas sütunlarından biridir. Şübhəsiz ki, rejimin məqsədi bir təşkilatın altına lağım atmaqdır”. 

Nəyə lağım atalar ki? Onsuz da heç bir sosial dayağı olmayan amorf bir qurumdur Milli Şura. Amma ortada bir mənəviyyat məsələsi də unudulmamalıdır. Həm Cəmil Həsənli, həm də Gültəkin Hacıbəyli mənəvi məsuliyyətdən danışır. Amma istər məlum iclas, istərsə də sanksiya tətbiq edilməsinə sevinmək isə başdan ayağa mənəviyyatsızlıq, düşmənçilikdir. Bu adamlar başa düşməlidirlər ki, xalqın pis gününə sevinib siyasət qurmaq, heç bir siyasi əxlaq kodeksinə uyğun gəlmir...