Dollar manata nisbətdə bahalaşa bilərmi ?! – Ekspertdən izah 

“İndi milli valyutamız üçün təhlükə yoxdur”

“Əlbəttə, üzən məzənnə rejiminə keçsəydik, bizdə də problem ola bilərdir”

“Amma hələlik inzibati yolla valyuta ehtiyatları hesabına valyutamızı saxlayıblar”



ABŞ dolları Türkiyə lirəsinə nisbətdə bahalaşmaqda davam edir. Bakı vaxtı ilə saat 13:52-yə olan məlumata əsasən, ABŞ dolları gün ərzində lirəyə nisbətdə 1,50 faiz bahalaşıb. Hazırda 1 ABŞ dollarının alışı 7,3318, satışı isə 7,3369 lirəyə icra olunur.

Maraqlıdır, ABŞ dolları Azərbaycan manatına nisbətdə bahalaşa bilərmi? 

Bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov “Sherg.az”a açıqlamasında bildirib ki, Türkiyənin milli valyutası olan lirənin məzənnəsinin dəyişməsi hər bir halda Türkiyənin daxili və iqtisadi məsələləri ilə bağlıdır.  
İqtisadçının sözlərinə görə, Türkiyədə iqtisadi durum dəyişdikcə, bu, lirəyə də təsir göstərir:

“Hazırda Türkiyə iqtisadiyyatı da böhranlı vəziyyətdədir. Yay aylarında Türkiyəyə xeyli sayda turist gəlirdi. İndi isə belə deyil. Ölkəyə valyuta axını azalıb. Lirənin düşməsi əsasən bununla bağlıdır”. 

Bu durumun Azərbaycana heç bir təsiri olmadığını deyən eskpert vurğulayıb ki, milli valyutamızın məzənnəsi Türkiyədən fərqli olaraq üzən məzənnə deyil:

“Türkiyədə üzən məzənnə rejimi hökm sürür. Ona görə də iqtisadiyyatdakı bütün dəyişikliklər məzənnəyə təsir edir.

Bizdə üzən məzənnə rejimi yoxdur, məsələlər inzibati yolla təyin olunur və Mərkəzi Bank valyuta ehtiyatlarının həcmindən çıxış edir. Valyuta ehtiyatlarımız da neftin qiymətindən asılıdır. İndi isə neftin qiyməti prinsipcə sabitləşib.

Buna görə də indi milli valyutamız üçün təhlükə yoxdur. Əlbəttə, üzən məzənnə rejiminə keçsəydik, bizdə də problem ola bilərdir. Amma hələlik inzibati yolla valyuta ehtiyatları hesabına valyutamızı saxlayıblar”.