Qabiliyyət imtahanı verəcək abituriyentlərə MÜRACİƏT

Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər üçün qeydiyyat başlayır.
Dövlət İmtahan Mərkəzindən "Sherg.az"a verilən məlumata görə, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 7 - 21 avqust 2020-ci il tarixlərində verilən link (https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

İmtahan nəticələri hələlik bəlli olmayan abituriyentlər nəticələr elan olunduqdan sonra müsabiqə şərtlərini ödədikləri halda qeydiyyatdan keçə biləcəklər.

Məşqçilik, Musiqi müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, Təsviri incəsənət müəllimliyi ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçməsi tələb olunmur. Onlar müsabiqədə V qrup üzrə qəbul imtahanından (cari ilin məzunları buraxılış imtahanından) topladıqları bal əsasında iştirak edəcəklər.

Xatırladaq ki, buraxılış imtahanlarının nəticələri iki il qüvvədə olduğu üçün ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan və xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər də ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd veriblərsə, qeydiyyatdan keçməlidirlər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçməli və qabiliyyət imtahanında iştirak etməlidirlər. Digər ali təhsil müəssisələrinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək. Buna görə də qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçmək tələb olunmur. Həmin abituriyentlər Dizayn ixtisası üzrə müsabiqəyə yalnız V qrup üzrə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) topladıqları yekun bal əsasında qatılacaqlar.

Musiqi müəllimliyi ixtisasını öz ərizələrində qeyd etmək istəyən və musiqi məktəbini 2016-cı ilə qədər bitirən abituriyentlər və subbakalavrlar öz bitirdikləri musiqi məktəbi ilə şəxsən əlaqə saxlayıb musiqi təhsili haqqında məlumatlarını “Musiqi məktəbi-məzun” sisteminə daxil etdirməlidirlər.

Məşqçilik, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarını öz ixtisas ərizələrində qeyd etmək istəyən abituriyentlər qəbul olduqları təhsil müəssisəsinə sağlamlıq haqqında 086U formalı tibbi arayışı təqdim etməlidirlər.

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün 2-6 sentyabr 2020-ci il tarixlərində qeydiyyatdan keçə biləcəklər.

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak üçün avqustun 27-30-da qeydiyyatdan keçə biləcəklər.

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin qabiliyyət imtahanına qeydiyyat tarixləri barədə məlumat veriləcək.

2020/2021-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri

Xatırladaq ki, bir müddət əvvəl DİM ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 1-ci və 2-ci nömrələrini nəşr edib.

"Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnallarda ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb.

Jurnalların elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).