Deputat AZAL-ı tənqid etdi: “...Gərək mənfəətlə işləyəsən!”

“Bazar iqtisadiyyatında nə olur olsun, mənfəətlə işləmək lazımdır”

“Hətta sosial işlər görüləndə də orada müəyyən mənfəət hiss olunmalıdır” 


Prezident İlham Əliyev Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. Ölkə başçısı müşavirədə mühüm məqamlara toxunub.Prezident çıxışı zamanı bəzi dövlət şirkətlərinin fəaliyyətini tənqid edib. Ölkə başçısı bir çox şirkətləri dövlət büdcəsindən asılı olmaqda ittiham edib. Prezidentin sözlərinə görə, AZAL şirkətinin “bütün təyyarələri” dövlət tərəfindən alınıb.
“Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”.

Prezident “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətini də tənqid edib:

“Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir".

Ölkə başçısının tənqidini “Sherg.az”a dəyərləndirən iqtisad elmləri doktoru, professor, millət vəkili Rüfət Quliyev Prezidentin ittihamlarında haqlı olduğunu deyib. Parlament üzvü bildirib ki, Prezidentin qeyd etdiyi məsələlər hər zaman gündəmdə idi. Pandemiyanın olması və iqtisadiyyata təsiri bu məsələlərin həllini bir qədər tezləşdirdi:

“Çünki iqtisadiyyatda islahatlar planlı və mərhələli şəkildə keçirilir. Pandemiyanın yaratdığı böhran müəyyən problemləri, çatışmazlıqları daha çox qabartdı. Onsuz da bu müzakirələr olunacaqdı. Hər dəfə cənab Prezident tənqid edib deyəndə ki, müəyyən dövət qurumları onlara verilən tapşırıqları yerinə yetirmirlər, onlar xalqın istədiyi kimi işlərini qura bilmirlər. Bu qurumlar isə müraciət edib vaxt istəyirdilər ki, çatışmazlıqları düzəldəcəklər və effektiv işləməyə başlayacaqlar”. 

Millət vəkili təəssüflə qeyd edib ki, bu günə qədər bir çox qurum işini tam formada qura bilməyib:

“İqtisadiyyatda əsas nüans odur ki, gərək mənfəətlə işləyəsən. Bazar iqtisadiyyatı ilə sosial iqtisadiyyat eyni deyil. Bunu ölkə başçısı da qeyd edir. Bazar iqtisadiyyatında nə olur olsun, mənfəətlə işləmək lazımdır. Hətta sosial işlər görüləndə də orada müəyyən mənfəət hiss olunmalıdır. 
Bir il öncə AZAL-ın bir neçə sturukturlarını tənqid edəndə təklif etdim ki, Lənkərandakı və başqa aeroportları icarəyə vermək lazımdır. Bir çox insanlar təklifə şübhə ilə yanaşdılar ki, bu, milli təhlükəsizlikdir. İndi tarix hər şeyi sübut vetdi”. 

Parlamentari vurğulayıb ki,  Prezidentin müşavirədə adını çəkmədiyi başqa dövlət sturukturları da var. Onlar da gərək düşünsünlər:

“Həmin şirkətlərin adı çəkilməyibsə, o demək deyil ki, səhv yolda deyillər. Ölkə başçısı xalqın səsinə, fikrinə qulaq asır, deputatların təklifinə baxır və qərarını verir. Millət vəkili və iqtisadçı-alim kimi cənab Prezidentə təşəkkürlərimi bildirirəm. Düşünürəm ki, yeni iqtisadi sxem daha yaxşı işləyəcək və islahatlar davam edəcək. Prezidentin çıxışı da islahatların bir mərhələsidir”.