Toylarımız mütləq dəyişəcək

Ən uyğun variant mərasimə konvert göndərməkdir

İlk mərhələlərdə, hətta 50-100 nəfərlə toy məclisləri təşkil edilməli və bunun effekti yoxlanılmalı, yoluxma dinamikasına nəzarət edilməlidir


Azərbaycanda koronavirusla bağlı ölkə boyunca həyata keçirilən karantin rejimi bir sıra kütləvi tədbirlərin, xüsusilə yas mərasimlərinin, toy məclislərinin təxirə salınmasına səbəb oldu. Bu gün pandemiya ilə əlaqədar yaranmış mövcud vəziyyət onu deməyə əsas verir ki, bu müddətdə əvvəlki qaydada kütləvi məclislərin keçirilməsi gözlənilən hal deyil.

Əgər vəziyyət uzun müddət bu formada davam edərsə, toy məclislərini təşkil etmək istəyənlər bunu hansı formada keçirə bilər ki, nə şiş yansın, nə də ki, kabab? Daha bir önəmli məsələ isə yas mərasimləri ilə bağlıdır. Təbii ki, öz doğmasını itirmiş insanların eyni zamanda həm mənəvi, həm də maddi dəstəyə ehtiyacı var. Bəs bunlar necə qarşılanacaq?

“Səhliyalı” şirkətinin mətbuat xidmətinin rəhbəri İlkin Mustafayev deyib ki, son günlər yoluxma dinamikasının bu qaydada, yəni azalan xətlə davam edəcəyi təqdirdə, ölkəmizdə yaxın zamanlarda rayon yollarının, təhsil müəssisələrinin açılacağı, toy və yaslara icazələrin veriləcəyi barədə cəmiyyətimizdə fikir formalaşmasına gətirib çıxarır.

O hesab edir ki, yaxın zamanlarda ölkədə toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməlidir:

“ABŞ və Avropa kimi səhiyyə nəhəngləri də ölkələrində virusla mübarizə üçün aylarla karantin rejimi tətbiq etdilər və görünən odur ki, bu, kifayət qədər müsbət nəticələr verdi.

Artıq bəzi ölkələrdə karantin rejiminin ləğv edilməsi, əksər ölkələrə yumşalmalara gedilməsi və ölkəmizdə də son günlər yoluxma statistikasında baş verən azalmalar bizdə də pandemiyayla bağlı mübarizə çərçivəsində aylardır davam edən sərt karantin rejiminin yumşaldılacağı barədə əhalinin ümidlənməsinə əsas verir.

Ancaq TƏBİB və digər qurumlar dəfələrlə açıqlamalarında bildiriblər ki, bu yumşalmalar əhali arasında arxayınlıq yaratmamalıdır, çünki bunun əks effekti dərhal hiss edilə bilər”. İlkin Mustafayev bildirib ki, ölkəmizdə toy mərasimləri əhalinin əksər kəsiminin maddi vəziyyətində kifayət qədər ciddi rol oynayır:

“Kənd təsərrüfatı və digər istehlak məhsullarının toy məclislərinə satışını, aylardır işsiz qalan minlərlə insanın yenidən iş yerlərinə dönəcəklərini nəzərə alsaq, bu addımın yaxın zamanlarda atılmasının vacibliyi ortaya çıxır. Ancaq bu mərasimlər zamanı təbii ki, bəzi qaydalara riayət edilməlidir.

Düzdür, toy mərasiminə gedən insanların əksəriyyətinin masa ətrafında tibbi maskadan istifadə edəcəkləri real görünmür, çünki əksər xanımlar və bəylər toy məclisləri üçün bəzən saatlarla, günlərlə hazırlaşır, həmin şəxslərin bir-birinin yanında, yemək məclisində və xüsusilə kamera qarşısında maskadan istifadəsi çətin baş tutacaq prosesdir.

Ancaq masaların bir-birindən aralı yerləşməsi (sosial məsafə gözlənilməsi) və məclis başlamazdan əvvəl və elə məclis zamanı dezinfeksiyaedici məhlulların mütəmadi istifadəsi xəstəliyin qarşısının alınmasında müsbət addım ola bilər. Digər bir məsələ, toy və yas mərasimləri zamanı əvvəlki qaydada kütləviliyə yol verilməməlidir.

İlk mərhələlərdə, hətta 50-100 nəfərlə toy məclisləri təşkil edilməli və bunun effekti yoxlanılmalı, yoluxma dinamikasına nəzarət edilməlidir. Fəsadlar görülmədiyi təqdirdə iştirakçı sayının qismən artırılmasına dövlət mərhələli şəkildə icazə verməlidir. Düzdür, illərlə toy məclislərində iştirak edən ailə başçısı bu məclislərdə xərclədiyi pulları övladının toy məclisində geri qaytaracağını düşündüyü üçün çoxları 50-100 nəfərlə toyların təşkil edilməsində bəlkə də maraqlı olmaya bilər.

Amma gəliri qismən bərpa etmək üçün əvvəlki illərdəki kimi toylarda israfa yol verməməklə xərcini qismən azalda bilər. Fəlsəfə isə budur: Daha az qonaq, daha az xərc, israfdan qaçmaq. Yalnız bu halda xüsusən gənc ailələri onsuz da pandemiyayla əlaqəli ağırlaşan maddi sıxıntılardan xilas etmək olar. Yaslarda isə məsul şəxslərin də yardımı ilə növbəlilik təmin edilməli, mərasimə insanlar 10-12 nəfərlik qruplar halında buraxılmalıdır”.

İ.Mustafayev bu məsələlərdə bir sıra və hər kəsi maraqlandıran nüanslara diqqət çəkib: “Gəlin belə düşünək. Məsələn, illərdir toyuna getdiyimiz adamları öz şad günümüzə məlum səbəblərdən dəvət edə bilmirik.

Ancaq həmin şəxslərin əksəriyyətinin xeyir işində - məclisində iştirak etmişik, xərc çəkmişik. Bəs onlar bu pulu necə qaytarmalıdır, bu halda nə baş verməlidir? Fikrimcə, bu insaf və anlayış məsələsidir.

Bu xərci toyda iştirak edə bilməyənlərdən yalnız, “bu adam mənim, övladımın toyunda iştirak edib, pul yazdırıb, mən də toya getməsəm belə, onun çəkdiyi xərci geri qaytarmalıyam” düşüncəsində olanlar, real vəziyyəti qiymətləndirməyi bacaranlar, ailənin onları məlum səbəbdən toya çağırmadığını başa düşənlər çəkə bilərlər.

Azərbaycanda bəy-gəlinin adına bank hesabı açılması prosesi o qədər də yayqın hal deyil. Ən uyğunu toya konvert göndərməkdir. Uzaqda olanlar isə açılan hesabdan istifadə edə bilərlər. Düşünürəm ki, belə bir vəziyyətdə ölkəmizdə bəy-gəlinin adına hesab açılması məsələsini əhali arasında daha yayqın hala gətirmək lazımdır”.

Aynurə Pənahqızı