Karantin manısların əsl sifətini ortaya çıxardı


"Onların dövlətə də, Vətənə də, hakimiyyətə də sevgisi  saxtadır. Pul üzərində qurulmuş sevgidir"

“Həm maddi, həm də mənəvi cəhətdən  yazıçılar, qələm adamları  ömür boyu karantində  yaşayıb.  Manıslar isə cəmi beş ay karantinə dözməyib, üsyan elədilər”.
Bu sözləri “Sherg.az”a açıqlamasında  tanınmış yazar Kəramət Böyükçöl toyların yoxluğundan, karantinin uzadılmasından narazı olan müğənnilər haqqında söyləyib. O, feysbuk səhifəsində yazdığı statusdan sitat gətirərək davam edib: “Yazmışdım ki, karantin rejimi bir az da uzansa manısların  hərəsi əlinə bir mikrofon alıb, “Azadlıq” meydanında mahnı oxumağa başlayacaqlar. Çünki bunların dövlətə də,  Vətənə də, hakimiyyətə də sevgisi  saxtadır.

Pul üzərində qurulmuş sevgidir. Onlar heç vaxt  Vətəni və  insanlarını  mənəvi varlıq kimi sevə bilməzlər. Ancaq maddi varlıq kimi sevirlər. Beş ay çətinliklərə dözməyib etiraz etməyə başlayırlar. 

Başqa vaxtlar efirlərdə, orda-burda  əllərində mikrofon “Azərbaycan xalqına eşq olsun”, “Xalqım gözəl xalqdır”, “Yaşasın Azərbaycan” deyirlər. Niyə? Çünki xalq onu gündə bir toya çağırır, 10 000 manat pul verir. Ona görə xalqı sevirdilər.

Amma indi imkanları  məhdudlaşıb, toylar bağlanıb.  Artıq nə xalqı, nə Vətəni, nə dövləti, nə də hakimiyyəti sevirlər.  Bir tərəfdən baxanda bu karantin   yaxşı oldu.  Manısların həqiqi sifətini ortaya çıxartdı.  Yaxşı oldu,  sözünü də dırnaq içərisində deyirəm.  Çünki  manıs tayfasına görə millət, günahsız insanlar əziyyət çəkirlər“.

Kəramət bəy həmçinin bildirib ki, karantin dövründə  təmtəraqlı toy məclislərinin dayandırılması ənənəyə çevrilsə yaxşı olar: “Çünki toy  millətin mənəvi dəyəri olmaqdan çıxıb, bir adət kimi iyrəncləşib. Camaata restoronlarda iylənmiş toyuqlar verirlər. Toya gedib  6 saat oynayıb, tullanırlar. Toy yiyəsi də deyir, qonaq gəlsin, pul yazdırsın.

Fikirləşir ki, pulun qalanı ilə neyləyək?  Bir müğənni, manıs çağıraq,  2000-3000 pul verək. Məşhurdusa, daha çox ödəniş edək və sair.  Bunların hamısı toyu  mənəvi dəyərdən çıxardıb“.