"İmkanı olan da ağlayır, olmayan da"

Səkinə İsmayılova: "Əgər vətənimizi, torpağımızı, əzizlərimizi seviriksə, bu bəladan qurtulmaq üçün səbr etməliyik. Başqa yolu yoxdur"

"Pandemiya gəlib elə məcraya çıxıb ki, tanışlarda, qohumlarda da yoluxanlar olur. Ona görə də vəziyyətlə barışmalıyıq. Artıq söhbətlər lazım deyil"


Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin uzadılması hər kəsə fərqli təsir göstərib. Kimi işsizlikdən gileylənir, kimisi yay fəslində rahat istirahət edə bilməməkdən. Bir də müğənnilər var ki, onlar da işlərinin, yəni  toyların  yoxluğundan gileylənir.  Xülasə, hamının dərdi özünə bəs edir. Amma  unutduğumuz bir məsələ var. Axı karantin rejimi və bütün tədbirlər bizim sağlamlığımız üçündür... Hər biri bu bədnam infeksiyanın qarşısının alınması məqsədilə həyata keçirilir. 

Belə olduğu halda etiraz etmək, qarşı çıxmaq  nə dərəcədə düzgündür?    

Məsələ ilə bağlı “Sherg.az”ın suallarını cavablandıran tanınmış muğam ifaçısı, Xalq artisti Səkinə İsmayılova söyləyib ki, koronavirus bəlası bütün dünyada yayılıb, ölkəmizdən də yan keçməyib:

“Şükürlər olsun ki, bizdə  təcili addımlar atıldı, lazımi tədbirlər görüldü. Yenə də vəziyyət pis deyil. Başa düşmək lazımdır ki, müvəqqəti çətinlikdir, dözməliyik. Neyləməliyik ki? Bu gün dövlətimiz  hər bir vətəndaşının yanındadır. Hamı üçün çətindir, amma daimi deyil.

Əgər vətənimizi, torpağımızı, əzizlərimizi seviriksə, bu bəladan qurtulmaq üçün səbr etməliyik. Başqa  yolu yoxdur. Toy olsun deyəndə düşünməliyik ki, insanlar xəstələnə bilər. Yəqin ki, həkimlərimiz boş danışmır. Bilirlər nə tövsiyə edirlər. 

Yoluxanlar var,  görürük, bilirik. Bəlkə də əvvəllər çoxu inanmırdı. Sonradan gördülər ki, doğrudan da virus var.  Pandemiya  gəlib elə məcraya çıxıb ki, tanışlarda, qohumlarda da yoluxanlar olur.  Ona görə də   vəziyyətlə barışmalıyıq. Artıq söhbətlər lazım deyil”.

Sevilən sənətkar  maddi cəhətdən sıxıntıları olan müğənnilərə gəlincə vəziyyətin çətinliyini, qazanc yolunun olmadığını başa düşdüyünü deyib: “Özüm də bir ailənin, nəslin  başçısıyam. 

Baxmayaraq ki,  toylara getmirəm, çox pul  qazanmamışam. Amma dövlətin, prezidentin verdiyi təaqüdüm var. Onunla  da hazırkı günlərdə  yaxınlarımda imkanı  olmayanlara yardım edirəm.

Biz Azərbaycan xalqıyıq. Əslində bir-birimizə kömək etməliyik. Amma imkanı olan da ağlayır, olmayan da... Bu da düzgün  deyil. İndi ancaq əl-ələ verməliyik. Yardıma ehtiyacı olanlara gücləri çatdığı qədər kömək eləsinlər.  Müvəqqətidir, hər birimiz dözək. Dövlətimizin yanında olaq! 

İnanın, Mehriban xanımın hər çıxışı bir qadın, ana olaraq  məndən  təsirsiz ötüşmür.  O da birinci xanımımız kimi, ana kimi  hamımızın sağlam olmağını, bu bəladan zərərsiz keçməyini istəyir”.