TƏBİB rəsmisi payızda yoluxmanın artmasından danışdı: “Bizə irad bildirirlər ki...”

“Azərbaycanda yoluxma ilə bağlı müsbət dinamika müşahidə olunur”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O qeyd edib ki, son həftələrdə hər gün yoluxanların sayı sağalanların sayından daha aşağı olur:
“Həyatını itirən xəstələrin də sayı azalır. Bu, həkimlərin səyi nəticəsində olur. Xəstə sayı artdıqca, verilən xidmətin keyfiyyəti aşağı düşə bilər. Yumşalmalara gedilir. Bizə irad bildirilir ki, insanları qorxuduruq və payız-qış mövsümünə gedirik.
Lakin biz bunları deməliyik. Bütün dünya bu dövrdə yoluxmaların sayının artmasına hazırlaşır və biz də bunu edirik. Biz açılışa gedirik. Qapalı yerlərdə insanlara xidmət göstərən sahələr açılır. Burada qaydalara riayət edilməsi məsuliyyəti həm sahibkarın, həm vətəndaşın üzərinə düşür”.