“Azərbaycan MDB-nin tərkibindən çıxmalı idi”

Ukrayna hökuməti MDB ölkələrinin sərhəd qoşunlarının elmi-tədqiqat fəaliyyəti üzrə əməkdaşlığı haqda sazişdən çıxmaqla bağlı qərar qəbul edib. Qərar Ukrayna Nazirlər Kabinetinin iclasında müzakirəsiz qəbul edilib. Kiyev Rusiya və MDB ilə sazişləri təftiş etməyə davam edir.

Ukrayna Xarici işlər nazirinin müavini Vasili Bodnar iyunun 22-də bildirib ki, Donbassda münaqişə başlamadan əvvəl 453 saziş qüvvədə olub. Hazırda isə onlardan 300-ə yaxını qüvvədədir.

Politoloq Sədrəddin Soltan Ukraynanın bu qərarı barədə “Sherg.az”a fikrini bildirib:

“Böyüdüləsi və qorxulu heç nə yoxdur. Ukrayna Rusiyanın təşəbbüsü ilə yaradılan bütün təşkilatlardan çıxır və müqavilələrdən imtina edir. Bu isə münasibətlərin kəskinləşməsi deməkdir”.

S.Soltan, həmçinin başqa bir məqamı da vurğulayıb:
“Tovuz hadisələrindən sonra əslində Azərbaycan MDB-nin tərkibindən çıxmalı idi. Çünki bu təşkilatın digər üzvü Ermənistandır. Ermənistan isə təxribat törədir. Biz niyə onlarla birlikdə olmalıyıq?!”.