Erməni-rus təxribatına türk cavabı


Türkiyənin təxribata adekvat reaksiya verməsi Rusiyada narahatlıq yaratsa da vəziyyətin ciddiliyini dərk etdilər

Dağlıq Qarabağ probleminin həll edilməsində Türkiyənin özünəməxsus yeri və rolu var. Bu  reallıq  işğalçı Ermənistan və onun havadarları da daxil olmaqla bütün dünya ictimaiyyətinə bəlli olan bir faktdır. Türkiyə istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daima Azərbaycanın ədalətli mövqeyini müdafiə edir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, beynəlxalq hüquq normalarına müvafiq həllinin tərəfdarıdır və öz regional siyasətini həmin istiqamətdə qurur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində özəlliklə regional və qlobal güc olaraq Türkiyənin dayandığı mövqe mühüm strateji məqamları ilə mövcud vəziyyətə yeni geosiyasi ölçülər gətirir.

Qeyd edək ki, son günlər  Dağlıq Qarabağ münaqişəsinin həllində  Türkiyənin prosesə müdaxiləsi aktuallaşıb.  
Xüsusən də, iyulun 29-da başlayıb   10 avqustadək davam etdirilən  genişmiqyaslı hərbi təlimlərdən sonra  münaqişənin həlli istiqamətində Türkiyənin bu və ya digər formada  iştirakı xüsusi müzakirə predmetinə çevrilib. 

Azərbaycan və Türkiyədə qürurla qarşılanan, düşmənlərin və onların müttəfiqlərinin narahatlıqla izlədiyi təlimlərdən sonra  nə  baş verəcək sualı hər kəsi maraqlandırır. Xüsusilə də Azərbaycanda əksəriyyət elə hesab edir ki, 102 ildən sonra ölkəmizə, əslində isə ikinci Vətəninə gələn Türkiyə ordusu  burada qalsa, bu, hər iki ölkənin maraqları baxımından tarixi əhəmiyyətli hadisə olar. Qeyd edək ki, Tovuz döyüşlərindən sonra Türkiyə rəhbərliyi dəfələrlə ən yüksək səviyyədə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün hansı qərarlar verəcəksə, yanında olacağını bəyan edib. Bu günlərdə hər iki dövlət rəhbərliyinin qarşılıqlı olaraq dostluq və qardaşlıq mesajları verməsi də mənfur düşmənləri vahiməyə salıb.

Çətin günlərdə qardaş Türkiyənin öz ordusu ilə birlikdə quruda, havada yanımızda görmək  və hər zaman dəstəkərini hiss etmək isə Azərbaycan vətəndaşlarında xoş duyğular yaratmaqdadır.

Bugünlərdə Türkiyənin Milli Təhlükəsizlik Şurasında işğal edilmiş ərazilərimizə ən az Azərbaycan qədər sahiblənmə, düşmənin işğalçılıq siyasətinə heç bir meydan tanımayan bənzərsiz bəyanatı da buna işıq salır. Üstəlik, iki qardaş ölkə arasında hərb ittifaqın mümkün perspektivləri, xüsusilə güclü Türkiyə hərbi sənayesi faktoru regionda digər geosiyasi maraqların minimuma endirilməsi baxımından da faydalı hesab olunur. 

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə,  artıq  Türkiyəni  Cənubi Qafqazdan uzaq saxlamaq mümkün deyil. Bunu Ermənistan və ona havadarlıq edən digər qüvvələr də çox gözəl anlayır: "Sadəcə zəif görünməsinlər deyə  səsləndirməyə qorxurlar. Reallıqdan qaçmaq isə mümkün deyil.  Faktiki olaraq, Türkiyə hakimiyyəti və cəmiyyəti artıq Dağlıq Qarabağ problemini öz problemi hesab edir. Yəni Dağlıq Qarabağ və ətraf rayonların işğalı Azərbaycan üçün nədirsə, Türkiyə üçün də odur və qardaş dövlət özünə də aid olduğunu hesab etdiyi torpaqların növbəti illər üçün işğal altında qalmasına dözüm nümayiş etdirmək istəmir. Bu, yaxşı mənada Azərbaycana da bir təzyiq mənası daşıyır ki, torpaqları işğaldan azad etmək əməliyyatını sürətləndirmək lazımdır. Bu zaman Türkiyə heç nədən və heç kimdən çəkinmədən Azərbaycanın yanında olacaq”.

İlk dəfədir Azərbaycanla Türkiyə arasındakı birgə hərbi təlimlərin təkcə Azərbaycan və Türkiyədə deyil, həmçinin Rusiyada, Ermənistanda, o cümlədən bölgədə marağı olan uzaq ölkələrdə bu qədər böyük maraq doğurduğunu vurğulayan E.Şahinoğlunun fikrincə, Tovuz istiqamətindəki döyüşlər və ondan sonra Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri istər-istəməz belə təəssürat yaradıb ki, iki qardaş dövlət işğal altındakı torpaqların azad olunması üçün birgə addım atmağa hazırdır: "Birgə hərbi təlimlərə olan marağın ikinci səbəbi Türkiyənin bölgədə artan rolu ilə əlaqəlidir. Türkiyə 15 və ya 20 il bundan əvvəlki ölkə deyil. Türkiyə bölgənin aparıcı gücünə çevrilib. Türkiyə heç kimlə, o cümlədən ABŞ, Rusiya və ya Avropa İttifaqı ilə hesablaşmadan və məsləhətləşmədən istənilən istiqamətdə hərbi əməliyyat həyata keçirir və bu əməliyyatları Türkiyənin milli və təhlükəsizlik maraqları ilə izah edir. Suriyada, Liviyada, İraqda, Aralıq dənizi hövzəsində güclənən Türkiyə Cənubi Qafqazı da öz maraqları siyahısına daxil edib”.

Hər ehtimala qarşı Türkiyə hərbi bazalarının ölkəmizdə yerləşdirilməsinə gəldikdə isə E.Şahinoğlu Azərbaycanla Türkiyə arasındakı strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında 2010-cu ildə imzalanan anlaşmanı xatırladıb. Onun sözlərinə görə, bu sənəd  hər iki dövlətə imkan verir ki, hərbi əməkdaşlığı üst səviyyəyə qaldırsın: "Həmin sazişə əsasən, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər kollektiv özünümüdafiə hüququndan istifadə edə bilərlər. Sazişin digər maddəsinə görə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin güc və idarəetmə strukturlarının əlaqələndirilməsi üçün lazımi planlaşdırma həyata keçirə bilərlər. Ancaq mənə elə gəlir ki, bu sazişi gücləndirməyə ehtiyac var. Yaxşı olardı ki, hərbi təlimlərin davam etdiyi müddətdə qardaş ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə dair danışıqlara başlanılsın. İlk növbədə Naxçıvanda hərbi baza yaradılmalıdır. Bu, bizə təminat verər ki, Dağlıq Qarabağ və ətraf rayonların geri qaytarılması uğrunda hərbi əməliyyatlara başlasaq, düşmən Naxçıvan istiqamətində bizə təhlükə yarada bilməyəcək. Azərbaycanla Türkiyə öz aralarında imzalayacağı yeni sazişə görə Qars müqaviləsinin əhatə dairəsi bütün Azərbaycana inikas etdirməlidir. Bununla işğalçı ölkə daima qorxu və panika içində olacaq. Necə ki, birgə təlimlər zamanı Türkiyənin hərbi təyyarələrinin Ermənistan sərhədinə yaxınlaşması İrəvanda güclü panika yaratmışdı. Bizə də bu lazımdır”.

Rusiya və Ermənistanın birgə planladığı “Tovuz təxribatı"nın  baş tutmadığını vurğulayan  Vəhdət Partiyasının sədr müavini, politoloq  Vasif Əfəndiyevin sözlərinə görə, hadisələrin gedişatı zamanı Azərbaycan ictimaiyyətinin bütün nümayəndələri sıx həmrəylik nümayiş etdirdilər. Xalq bütünlüklə Azərbaycan ordusunun və dövlətin yanında olduğunu nümayiş etdirdi: "Doğrusunu deyim,  son illər bu dərəcə qürurverici bir hadisənin şahidi olmamışdıq. Lakin təxribatlar davamlı olduğu üçün əks tədbirlər görülməli idi. Bu baxımdan  Türkiyənin hadisəyə dərhal reaksiya verməsi və ardından Azərbaycanla birgə hərbi təlimlərə başlaması rus-erməni təxribatına hərbi-siyasi cavab kimi dəyərləndirə bilər. Türkiyə çəkinmədən bəyanat verdi ki, Azərbaycana qarşı təşkil olunmuş bütün təxribatlara cavab vermək iqtidarındadır. Məsələ bununla bitmir. Türkiyə həm də NATO ölkəsidir və bu dəstəyi dolayısı ilə NATO-dan gəlmiş hesab etmək olar".

Politoloqun fikrincə, Hacı Zeynalabdin qəsəbəsindəki hərbi aerodromda türk silahlı qüvvələrinin ştabkvartirasının yaradılması və birgə təlimlərdə iştirak edən zabit və şəxsi heyətin yerləşdirilməsi tam qanuna uyğundur: "2016-cı ildə Azərbaycan prezidentinin imzaladığı sənədlə “Qızıl Şərq” şəhərciyinə tam diplomatik status verilib. Bu əraziyə giriş yalnız Türkiyə tərəfinin razılığı ilə mümkündür. Düzdür, Azərbaycan konstitusiyasına görə, ərazilərimizdə xarici ölkə bazalarının yerləşdirilməsi nəzərdə tutulmayıb. Lakin  gələcəkdə bu məsələyə baxıldığı halda NATO qırıcılarının hərbi aerodromda yerləşdirilməsi üçün şərait yaranmış olacaq. Gələcəkdə bu əməkdaşlığın real müttəfiqlik fazasına keçməsində heç bir əngəl görmürəm. Əvvəla, hərbi doktrinamızın pozulması artıq baş verib və xarici hərbi birləşmələrin Azərbaycan ərazisində yerləşdirilməsi Dağlıq Qarabağın işğalı ilə reallaşıb. Demək, artıq bizdən asılı olmayan səbəbdən Azərbaycan torpaqlarında Ermənistana məxsus hərbi bazalar fəaliyyət göstərir. Fövqaladə hallarda bizim referendum keçirərək hərbi doktrinamızı dəyişməyə zamanımız çatmaya bilər. Ya biz artıq konstitusiya dəyişikliyinə vaxt itirmədən getməliyik, ya da yuxarıda qeyd etdiyim faktı əsas götürərək Türkiyə ilə vahid komandanlıq yaratmaq barədə qərar verməliyik".

V.Əfəndiyevin sözlərinə görə, Türkiyənin təxribata adekvat reaksiya verməsi Rusiyada narahatlıq yaratsa da vəziyyətin ciddiliyini dərk etdilər. Artıq Kreml politoloqları Azərbaycanın “ayağına yağ sürtmək “ üçün hərəkətə keçiblər:

"Ermənistanı lazımsız və gərəksiz müttəfiq adlandıraraq Azərbaycanı incitdiklərindən “peşmançılıq” çəkdiklərini dilə gətirirlər. Lakin son 30 ildə bu cür manevrləri çox görmüşük və o qədər də sadəlövh deyilik. Rusiyanın siyasi bəyanatlarında yumşaq tona keçməsinə baxmayaraq "5-ci kolon"a hərəkətə keçmək tapşırığı verilib. Azərbaycan –Türkiyə yaxınlaşması İranı da narahat edir. O səbəbdən də həm daxildə, həm də xaricdə yaşayan antimilli qüvvələri təlimatlandıraraq antitürk təbliğatını gücləndiriblər. Regionda 3 tərəfdən sıxılmağımıza baxmayaraq beynəlxalq səviyyədə dəstəyimiz davam edir. Bu mənada indiki geosiyasi  şərtlər daxilində Türkiyə-Azərbaycan yaxınlaşmasının Dağlıq Qarabağ probleminin həllinə müsbət töhfə verəcəyinə ümid edirəm".