O gün yaxınlaşır ! – “Azərbaycan Qarabağda antiterror əməliyyatları keçirəcək”

 “Qardaş Türkiyənin istər siyasi rəhbərliyi, istərsə də generaliteti Azərbaycana tam dəstək verəcəyini dəfələrlə bəyan edib”


“Türkiyənin Dağlıq Qarabağda Azərbaycanla birgə antiterror əməliyyatları aparması rəsmi Bakının da maraqlarına cavab verir”. 

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, Türkiyə, İran və Azərbaycanın terrorizmə qarşı mübarizə istiqamətində səylərini birləşdirməsi həm PKK və PJAK-ın, həm də Ermənistanın fəaliyyət imkanlarını xeyli dərəcədə məhdudlaşdıracaq: 

“Eyni zamanda psixoloji zərbə effekti verəcək. Qərb ölkələrindən və Rusiyadan fərqli olaraq Türkiyə terrorla və terrorçularla real surətdə mübarizə aparır. Ancaq terrorizmlə mübarizə təkcə bir ölkənin əlahiddə şəkildə görə biləcəyi iş deyil. Çünki terrorizm qlobal problemdir. “Beynəlxalq terrorizm” ifadəsi əbəs yerə yaranmayıb. Son 30 ildə terrorizm Yaxın Şərq və Cənubi Qafqaz regionları üçün də ciddi təhlükə mənbəyinə çevrilib.

Türkiyə, İran və Azərbaycan öz iradəsindən asılı olmayaraq, terrorizmin dəhşətlərini lap yaxından hiss etməli olub. Bu gün Azərbaycan erməni terrorizmindən əziyyət çəkir. Təcavüzkar Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır və həmin ərazilərdə terrorçuların məskunlaşmasına, narkotik qaçaqmalçılığına rəvac verir”.



Ə.Hüseynovun sözlərinə görə, Türkiyə öz əraziləri ilə bərabər, Şimali İraqda PKK, PYD kimi kürd terror təşkilatlarına qarşı genişmiqyaslı antiterror əməliyyatları həyata keçirib: 

“İran da PKK təşkilatının İran qolu kimi qələmə verilən PJAK-ın zaman-zaman törətdiyi terror aksiyalarından əziyyət çəkir. Ərəblər və bəluclar İran üçün potensial terrorizm mənbələri sayılır. Odur ki, hazırda İran rejiminin terrorizmlə mübarizədə ciddi dəstəyə ehtiyacı var. Rəsmi Tehranın Türkiyə ilə əməkdaşlıq görüntüsü yaratmağa çalışdığı müşahidə edilir.

Ola bilsin, İran terrorçuluğa qarşı Türkiyə ilə birgə mübarizə aparmaqda həqiqətən də maraqlıdır. Türkiyə antiterror fəaliyyətləri üzrə ən təcrübəli ölkə sayılır. İran Türkiyəyə qarşı sağlam və dürüst siyasət yürüdərsə, Türkiyə İranda terrorizm ocaqlarının məhv edilməsində real surətdə iştirak edə bilər”.

Partiya rəhbəri bildirib ki, Azərbaycanın da Qarabağdakı separatçı və terrorçu qüvvələrə qarşı antiterror əməliyyatları keçirəcəyi gün yaxınlaşmaqdadır: 

“Qardaş Türkiyənin istər siyasi rəhbərliyi, istərsə də generaliteti həm Qarabağda terrorizmə qarşı mübarizədə, həm də dövlət sərhədimizdə Ermənistan tərəfindən baş verən təxribatların qarşısının alınmasında Azərbaycana tam dəstək verəcəyini dəfələrlə bəyan edib”.