“Dövlət şirkətləri də bazar iqtisadiyyatı prinsipi əsasında işləməlidir”

“Yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər dövlət başçısına təqdim ediləcək”

“Gələcəkdə dövlət-özəl sektor tərəfdaşlığının konkret layihələr əsasında özünü göstərməsi gözlənilir”



"Dövlət şirkətlərinin itkilərinin dövlətin hesabına aradan qaldırılması tendensiyasına son qoyulmalıdır. Dövlət şirkətlərinin normal korporativ idarəetmə əsasında işləməsi təmin olunmalı, həmin şirkətlərdən itkilərin səbəbləri və onların aradan qaldırılması ilə bağlı planlara dair açıqlamalar alınmalıdır". 
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə deyib. Ölkə rəhbəri israfçılığın qarşısının alınması, səmərəsiz layihələrin yolverilməzliyi, dövlət büdcəsi formalaşarkən irəli sürülən təkliflərin hərtərəfli öyrənilməsi və  bu işə ciddi nəzarətin tətbiqinin  də zəruri məsələlərdən olduğunu  qeyd edib.  Cənab Prezidentin nitqində həmçinin  dövlət şirkətləri tərəfindən ödənilən vergilərin, digər ödəmələrin qeyri-qənaətbəxşliyinin və ölkənin iqtisadi-maliyyə durumuna mənfi təsirinin yolverilməzliyi haqqında danışıb. 

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi İlyas Hüseynov "Sherg.az"a açıqlamasında dövlət şirkətlərinin də bazar iqtisadiyyatı prinsipi əsasında işləməsinin vacibliyindən bəhs edib: 

"Müşavirə zamanı yeni idarəetmə sisteminin qurulmasının önəmini diqqətə çatdıran dövlət başçısı israfçılığın qarşısının alınması, səmərəsiz layihələrin yolverilməzliyi, dövlət büdcəsi formalaşarkən irəli sürülən təkliflərin hərtərəfli öyrənilməsi və bu işdə ciddi nəzarətin tətbiqi zəruriliyini bildirib. Həmçinin xərclərə dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi, bu sahədə ictimai nəzarətin əhəmiyyəti, alimlərin, qeyri-hökumət təşkilatlarının, mütəxəssislərin, media nümayəndələrinin bu prosesdə iştirakı, təkliflər irəli sürməsinə dair fikirlərini  də son dərəcə əhəmiyyətli hesab edirəm". 

 Dövlət Neft Şirkəti, "Azərenerji", AZAL, Azərbaycan Dəmir Yolları kimi şirkətlərə dövlət büdcəsi hesabına milyonlarla vəsait xərcləndiyi vurğulayan İ. Hüseynov   inkişaf etmiş ölkələrdə bu işlərin lazımi səviyyədə tənzimləndiyini deyib: 

" Orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Dövlət şirkətləri də bazar iqtisadiyyatı prinsipi əsasında işləməlidir. Prezident tərəfindən dövlət şirkətlərinin işinin ciddi təftiş edilməsi və yeni idarəetmə sisteminin qurulması tapşırıldı. Bu sahəyə nəzarət gücləndirilməlidir. Yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər dövlət başçısına təqdim ediləcək.  Bütövlükdə iqtisadiyyatın liberallaşdırılması öz aktuallığını qoruyur. Son vaxtlar bu sahədə aparılan təhlillər deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Xarici və yerli investorlara biznes planların təqdim olunması da gündəlikdədir.

Xüsusi qeyd etmək istəyirəm ki, gələcəkdə dövlət-özəl sektor tərəfdaşlığının konkret layihələr əsasında özünü göstərməsi gözlənilir. Dövlət yeni yanaşma ilə stimullaşdırıcı tədbirlər həyata keçirəcək".