Qazaxda 2 ədəd minaatan mərmisi tapılıb


Avqustun 8-də saat 11:26-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yerləşən “Avey Oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin, Dövlət Sərhəd Xidmətinin və Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Qazax Regional Məntəqəsinin (113 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilin. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 120 mm-lik minaatan mərmisi (S-843) aşkar olunub və zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmilərinin ətrafında 60 kv.m əraziyə yerüstü, 4 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.