Naqasaki şəhərində atom bombardmanı qurbanlarının xatirəsi anılıb


Avqustun 9-da Yaponiyanın Naqasaki şəhərində II Dünya müharibəsi zamanı baş vermiş faciə qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, 75 il əvvəl ABŞ hərbi hava qüvvələrinin təyyarəsi ölkənin cənub-şərqində yerləşən Naqasaki şəhərinə atom bombası atıb.

Müharibəsiz və nüvə silahının olmadığı dünyanı arzulayan şəhər sakinləri və çoxsaylı qonaqlar bu münasibətlə Sülh parkında təşkil edilmiş “Sülh mərasimi”nə toplaşıblar.

Mərasimdə Yaponiyanın Baş Naziri Şinzo Abe başda olmaqla, diplomatik korpusun rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yerli vaxtla saat 11:02 dəqiqədə - atom bombasının şəhərə atıldığı an bir dəqiqəlik sükut elan olunub.

1945-ci ilin həmin günündə atılan atom bombası nəticəsində 70 min insan həlak olub. Hər il şəhər parkında təşkil olunan anım mərasiminə minlərlə insan qatılır. Lakin cari ildə koronavirus pandemiyasına görə mərasimdə cəmi 500 nəfər, o cümlədən bu qanlı hadisələrin şəxsən iştirakçısı olmuş insanlar iştirak ediblər.

Naqasaki şəhərinin meri Taue Tomihişa çıxışında bildirib ki, nüvə problemi ilə yanaşı, cari ildə yayılan koronavirus pandemiyası bütün Yer kürəsini narahat edir.

Yaponiya hökumətini BMT tərəfindən üç il əvvəl qəbul edilən Nüvə Silahının Ləğvi Barədə Müqaviləni imzalamağa çağıran mer deyib: “Nüvə silahına malik olan və nüvə çətiri altında yerləşən bir sıra dövlətlər həmin müqavilə üçün zamanın hələ yetişmədiyini bildirirlər. Lakin bu, belə deyil. Fikrimcə, əksinə nüvə silahının ixtisarı çox ləng aparılır”.

Nüvə silahına malik olan və bu silahın olmadığı dövlətlər arasında məsələyə münasibət fərqlidir. Həmin müqavilənin qüvvəyə minməsi üçün o, 50 dövlət tərəfindən imzalanmalıdır. Hazırda bu sənədi 43 dövlət imzalayıb. Hökumət nüvə silahının ləğvinə töhfələr verdiyini bildirsə də, Yaponiya BMT müqaviləsinə qoşulmaqdan imtina edir.

Mərasimdə çıxış edən Baş Nazir Şinzo Abe deyib: “Dayanıqlı sülhə çağırış barədə duaların səsləndiyi Naqasakidə and içirəm ki, Yaponiya nüvə silahının mövcud olmadığı dünyanın qurulmasına sadiq qalacaq”.

Naqasakinin Sülh parkında yerləşən kenotaf üzərində 185 min 982 faciə qurbanının adı yer alıb. Onlardan 3400-nün adı cari ildə siyahıya əlavə edilib.

Hazırda Yaponiyada nüvə silahının tətbiqindən sonra sağ qalanların orta yaş həddi 83-ə çatıb. Cari ildə pandemiyanın insanların birbaşa ünsiyyətini məhdudlaşdırdığı bir vaxtda onlar öz təcrübələrini yeni nəslə ötürmək üçün var gücləri ilə çalışırlar.