Belarusda prezident seçkiləri baş tutmuş hesab olunur


Belarusda keçirilən prezident seçkiləri baş tutmuş hesab edilir.

AZƏRTAC xəbər verir ki, artıq seçicilərin 75,6 faizi səsvermə hüququndan istifadə edib.

Yerli vaxtla səhər 08:00-da açılan seçki məntəqələrində səs vermək üçün seçici siyahısına 6 milyon 844 min 932 nəfər daxil edilib. Ən çox seçici Minsk şəhərində (1 milyon 241 min 21 nəfər), ən az seçici isə Qrodnensk vilayətində (751 min 84 nəfər) qeydə alınıb. Eyni zamanda xaricdə yaşayan 5319 Belarus vətəndaşı da seçici siyahısındadır. Seçicilərin yarıdan çoxu səsvermədə iştirak etdiyi halda, seçki baş tutmuş hesab edilir.

Belarus Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb.

Səsvermə prosesini 248 beynəlxalq və 50 minə yaxın yerli müşahidəçi izləyir. Avqustun 9-da Belarusda keçirilən prezident seçkilərini Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatları Aydın Cəfərov, Arzu Nağıyev, Azər Badamov, Naqif Həmzəyev və Kamran Bayramov müşahidə edirlər.

Xatırladaq ki, səsvermə prosesini 248 beynəlxalq və 50 minə yaxın yerli müşahidəçi izləyir.