Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib. Yay fəslində vətəndaşların ən çox üz tutduqları məkanlardan olan çimərliklərdə son iki gündür ki, sıxlıq müşahidə olunur. Bu da koronavirusa yoluxma riskini artırır.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nümayəndəsi Coşqun Cəbrayılov "Sherg.az"a açıqlamasında insanların sağlamlıqları üçün bütün zəruri tədbirlərin görüldüyünü deyib:
"Çimərliyə getməkdən ötrü heç bir məhdudiyyət yoxdur. Sadəcə karantin rejimilə bağlı vətəndaşlardan ara məsafəsini qorumaq tələb olunur. Bu məqsədlə xüsusi iplərdən istifadə edilir. Əlbəttə, belə olan təqdirdə çimərliyin tutumu da azalır. Odur ki, insanlar yaradılan portaldan istifadə etməklə çimərliklərdəki vəziyyətlə tanış ola, sıxlığı öyrənə bilərlər. Bu, icazə məqsədli yox, növbə gözləyərək vaxt itirməməkdən ötrüdür. ASAN xidmət könüllüləri də işə cəlb olunub. Onlar müntəzəm şəkildə səsli anonslar edirlər. Həmçinin, istifadə edilmiş maskaların atılması üçün ayrıca qutular da var. Vətəndaşlardan yeganə xahişimiz isə sıxlıq çox olan çimərliyə getməməkdir".